Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə görüşüb
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayid Əl Nəhyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verib.
Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar.
Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda qeyd olunub ki, iki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında Azərbaycana qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.
Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub.