XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov Tatyana Molçean ilə görüşüb

Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb

Ceyhun Bayramov Tatyana Molçean ilə görüşüb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçean ilə görüşüb.

    Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib.

    Azərbaycanın BMT orqanları sistemində, o cümlədən UNECE-də təşəbbüskar mövqeyi ilə seçildiyi, qurumun fəaliyyətinə mühüm töhfə verdiyi yüksək dəyərləndirilib.

    Görüşdə, həmçinin Azərbaycanın 2023-cü il ərzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi qismində görülən işlər, SPECA çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi, ticarətin və nəqliyyatın asanlaşdırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

    Azərbaycanın postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olduğunu qeyd edən nazir Ceyhun Bayramov 2030-cu ilədək Azərbaycanın Milli İnkişaf Prioritetləri barədə məlumat verib, strateji məqsədlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx uzlaşdığını vurğulayıb.

    Nazir Ceyhun Bayramov qarşı tərəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərində 2050-ci ilə qədər “xalis sıfır emissiya” zonasının elan edilməsi, “yaşıl enerji zonası”nın yaradılması, bərpa olunan enerji mənbələrindən istifadə, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının yaradılması, transsərhəd su ehtiyatlarının davamlı idarə olunması və yaşıllıqların artırılması kimi bərpa və reabilitasiya layihələri və planları haqqında məlumat verib.

    Ermənistan tərəfindən törədilmiş ekoloji terror, işğal nəticəsində dağıntılar, bölgədə geniş mina təhdidləri, eləcə də işğalın fəsadlarının aradan qaldırılması səyləri qarşı tərəfin diqqətinə çatdırılıb.

    Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün reallaşdırılan layihələrə birgə dəstək verməyin vacibliyi vurğulanıb.

    Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar.

    ***