Şimali Koreyanın raket buraxılışını pisləyən qətnamə
Bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb
BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) raket fəaliyyətini pisləyən qətnamə qəbul edib.
Bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
ICAO-nun rəhbər orqanının Monreal şəhərindəki toplantısında qəbul edilmiş qətnamə Pxenyanı qlobal aviasiyanın əsas prinsiplərini əks etdirən 1944-cü il Çikaqo Konvensiyasının müddəalarına ciddi riayət etməyə çağırıb. Toplantıda Şimali Koreyanın raket buraxılışlarının beynəlxalq mülki aviasiya üçün ciddi risklər yaratdığı vurğulanıb.
ICAO Şurasının prezidenti Salvatore Şikitano ötən ay Şimali Koreyanın orbitə hərbi kəşfiyyat peyki çıxarmaq cəhdindən sonra təxribatların sonlandırılması üçün bu ölkə rəsmilərinə məktub da göndərib.
Qeyd edək ki, Şimali Koreya cari il ərzində 11 ballistik raket buraxılışı həyata keçirib. Mayın 31-də isə “Malligyong-1” kəşfiyyat peykinin orbitə buraxılması cəhdi uğursuz olub. Rəsmi Pxenyan yaxın zamanlarda hərbi kəşfiyyat peykinin orbitə çıxarılması üçün daha bir cəhd edəcəyini açıqlayıb.