Ceyhun Bayramov İraqda rəsmi səfərdədir YENİLƏNİB / FOTO
Bu barədə Azərbaycan XİN-dən bildirilib

20:19
Xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində ADA Universitetinin rektoru Hafiz Paşayevlə birlikdə Azərbaycanın İraqdakı səfirliyində olub.
Bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
“ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevlə Azərbaycanın İraqdakı səfirliyini ziyarət etməkdən şərəf duyuruq. Burada Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, onun əbədi irsini və dövlətçiliyimizdəki mühüm rolunu xatırlayaraq, xatirəsini ehtiramla andıq”, - paylaşımda qeyd olunub.
***
19:20
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif aspektləri, Yaxın Şərqdə cari vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan və İraq arasında diplomatik münasibətlərin əsasının müstəqilliyimizin bərpasından sonra qoyulmasına baxmayaraq, xalqlarımız arasında əlaqələrin tarixinin daha qədim olduğu məmnunluqla qeyd edilib. Bu dinamikanın qorunub saxlanılması məqsədilə bütün, o cümlədən dövlət, parlament, hökumət, xarici işlər nazirlikləri səviyyələrində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu və hər iki tərəfin bu istiqamətdə maraqlı olduğu diqqətə çatdırılıb.
Tərəflər, həmçinin Yaxın Şərq, xüsusilə Qəzza bölgəsi ətrafında mövcud vəziyyətdən bəhs edərək, münaqişənin sülh yolu ilə həllinə dair ümidvarlıq ifadə ediblər. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə “iki dövlət” prinsipi əsasında həllinə göstərdiyi dəstək bir daha qeyd edilib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, ölkəmizdə keçirilən sessiya çərçivəsində əldə olunmuş nailiyyətlərin əhəmiyyəti qeyd olunub.
Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minalardan təmizləmə fəaliyyəti, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh müqaviləsinin mətni üzrə ikitərəfli danışıqların yekunlaşdırıldığı, lakin bölgədə dayanıqlı sülhün təminatı olacaq bu müqavilənin imzalanması üçün Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarına son qoyulmasının əhəmiyyəti qeyd olunub.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
***
17:50
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.
Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlı səfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqi baxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeyd edib.
Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
***
13:25
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.
Azərbaycan və İraq arasında mövcud tarixi dostluq, qardaşlıq münasibətlərinin, xalqlarımız arasında mədəni və ənənəvi yaxınlığın münasibətlərimizin inkişafında rolundan bəhs olunub. Əməkdaşlığın daha da genişləndirilməsində ali və yüksək səviyyəli təmas və səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Azərbaycan–İraq Biznes Şurasının önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan dəstəyin davam etdirilməsinin də əhəmiyyəti qeyd olunub.
Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb.
Bugünkü səfər çərçivəsində, həmçinin ADA Universiteti və İraq Respublikasının Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, Hindistan-Pakistan gərginliyi, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.
Görüşdə, həmçinin gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransı çərçivəsində görüşün yekunlarına dair bəyanatlarla çıxış ediblər.
***
12:33
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında geniş tərkibdə görüş keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirilib, həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar müzakirə edilib.
Daha geniş regional və qlobal hadisələr də nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərinə dair perspektivləri bölüşüb.
Ceyhun Bayramov münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud problemlər barədə də məlumat verib.
***
11:28
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İraqa səfəri çərçivəsində bu ölkənin Baş nazir müavini və xarici işlər naziri Fuad Hüssein ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar arasında ikitərəfli görüş keçirilir.
***
09:12
Mayın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.