XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov və Kaya Kallas mətbuat konfransı keçiriblər

VİDEO

Ceyhun Bayramov və Kaya Kallas mətbuat konfransı keçiriblər
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bu, bizim ikinci təmasımızdır. İlk dəfə dekabr ayında Maltada görüşmüşdük. Bu gün, 9 illik fasilədən sonra Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfərini yüksək qiymətləndiririk. Bu səfər, münasibətlərimizin mövcud vəziyyəti və perspektivləri baxımından böyük bir imkandır.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

    VİDEO

    Nazir bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan son illər ərzində aparılan danışıqlarda məsələlərin 90 faizi üzrə razılıq əldə olunub. Lakin bu illər ərzində prosesdə müəyyən durğunluq müşahidə olunurdu. Bu gün bu məsələ də müzakirə edildi və razılıq əldə olundu ki, hər iki tərəf praktiki addımlar atacaq.

    Sazişin daha da zənginləşdirilməsinin mümkün olduğunu deyən Ceyhun Bayramov əlavə edib: “Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. Hazırda bizim ticarət dövriyyəmiz 20 milyard ABŞ dolları təşkil edir”.

    Azərbaycanın mövqeyi yeni deyil və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan müddəaların, habelə Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir. Eyni zamanda, Ermənistan tərəfindən artıq fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı da konkret addımların atılması gözlənilir.

    Bunu da Ceyhun Bayramov deyib.

    Kaya Kallasla müzakirələr çərçivəsində geniş coğrafiyada təhlükə yaradan münaqişələr və onların region ölkələrinə təsiri məsələlərinə də toxunduqlarını bildirən azərbaycanlı nazir əlavə edib: “Bütün bu fikir mübadiləsi fonunda Cənubi Qafqazla bağlı məlumat verdim. Ermənistanla münasibətlərin normallaşması istiqamətində son inkişaflar barədə də qarşı tərəfi məlumatlandırdım. Bu mövzular kontekstində son iki il yarım ərzində Azərbaycanın təşəbbüsü ilə başlayan sülh danışıqları, sülh sazişi mətni üzrə razılığın əldə olunması və ümumilikdə danışıqların gedişatı ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, Azərbaycanın Ermənistandan gözləntiləri də ətraflı müzakirə olundu”.

    Ermənistanın sürətlə silahlanması, təəssüf ki, hələ də region üçün təhlükə mənbəyi olaraq qalır. Son iki gün ərzində baş verən hadisələr bunu bir daha sübut edir.

    Nazir qeyd edib ki, Ermənistanın paytaxtında keçirilən növbəti kütləvi yürüş zamanı Azərbaycana və Türkiyəyə qarşı nifrət dolu çağırışlar səsləndirilib və tamamilə qəbuledilməz hərəkətlərə yol verilib.

    Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktının ciddi narahatlıq doğurduğunu vurğulayan nazir qeyd edib ki, eyni məzmunlu hadisə dünən Fransanın paytaxtı Parisdə də baş verib.

    “Bizim gözləntimiz ondan ibarətdir ki, həmin ölkələrin hakimiyyət orqanları və aidiyyəti strukturları bu kimi təxribat xarakterli hərəkətləri cinayət əməlləri kimi qiymətləndirərək onların qarşısının alınması üçün ciddi tədbirlər görsünlər”, - deyə Ceyhun Bayramov vurğulayıb.

    Kaya Kallas isə deyib ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır.

    O, Azərbaycanın Aİ-nin enerji təchizatında böyük rol oynadığını vurğulayıb.

    K.Kallas, eyni zamanda, Azərbaycana Ukraynaya göstərdiyi humanitar yardıma görə təşəkkür edib.

    Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin dayanıqlı olmasına yaxından dəstək verir. Kaya Kallasın sözlərinə görə, Aİ tərəflərlə danışıqlar aparır: “Regionda sülhün bərqərar olması üçün səylərimizi davam etdirəcəyik”.

    Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsinə töhfə verir.

    “Burada danışıqlarımızı yeni əməkdaşlıq razılaşdırması əsasında gücləndirəcəyik. Bizim əlaqələrimiz qarşılıqlı hörmət əsasında qurulub. Bizim prinsiplərimizdə qanunun aliliyi və insan hüquqları əsas götürülüb”, - Kaya Kallas vurğulayıb.

    O, xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanla münasibətlər barədə geniş müzakirə apardığını da qeyd edib: “Mən sülh sazişinin mətni üzrə razılığa gəlinməsini məmnuniyyətlə qarşılayıram”.