Ceyhun Bayramov və Lavrov birgə mətbuat konfransı keçirdi
Bu barədə Rusiya mətbuatı məlumat yayıb
16:25
"Rusiya regionda sülhün bərqərar olmasında maraqlıdır". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Sülh müqaviləsi mövzusu daimi diqqət tələb edir. Biz danışıqlar prosesinin irəliləməsinə nə qədər tez-tez diqqət yetirsək, hazırda narahatlığa səbəb olan məsələlər bir o qədər tez həll olunacaq. Rusiya regionda davamlı, ədalətli sülhün bərqərar olmasında yəqin ki, hamıdan çox maraqlıdır", - deyə nazir bildirib.
Rusiya XİN başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan tərəfinin təqdim etdiyi təkliflər sülh müqaviləsinin hazırlanmasına töhfə verəcək.
16:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN başçısı Sergey Lavrov birgə mətbuat konfransı keçirirlər.
"Sülhməramlılar tərəflərlə mütəmadi təmaslar saxlayır". TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN başçısı qeyd edib ki, Rusiya sülhməramlıları hər saat Laçın dəhlizindəki vəziyyətin nizama salınması ilə bağlı fəaliyyət göstərirlər. Rusiya mətbuatının məlumatına görə, tərəflər arasında görüş başa çatıb. Danışıqların digər detalları hələlik məlum deyil.
***
Moskvaya rəsmi səfərə gedən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü başlayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Təəssüf ki, ermənilər bu cür imkanı buraxdılar". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı deyib.
Rusiya XİN başçısı Ermənistanın bu günə planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə iştirak etmək imkanını qaçırdığını vurğulayıb.
Qeyd edək ki, Rusiya XİN-nin məlumatına görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.