XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Niderland xarici işlər nazirini qəbul edib

Bu barədə XİN-in "X" hesabında bildirilib FOTO / YENİLƏNİB

Ceyhun Bayramov Niderland xarici işlər nazirini qəbul edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:02

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Niderlandın xarici işlər naziri Tom Berendsenlə geniştərkibli görüşü keçirilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

    Görüşdə Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi, innovasiya və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

    Nazirlər Azərbaycan-Niderland münasibətlərinin inkişafı üzrə 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsinin qəbulunu ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm addım kimi qiymətləndiriblər.

    Yüksək səviyyəli qarşılıqlı səfərlərin, müntəzəm siyasi məsləhətləşmələrin və biznes dairələri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

    Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb.

    Ceyhun Bayramov Niderlandlı həmkarına sülh prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, eləcə də minaların yaratdığı davamlı humanitar təhlükə barədə məlumat verib.

    Tərəflər ikitərəfli münasibətləri daha da möhkəmləndirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.

    ***

    11:32

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə görüşüb.

    Bu barədə XİN-in "X" hesabında bildirilib.