Çin kosmosda istifadə olunacaq paltaryuyan maşın icad edib
Astronavtların üzləşdiyi problemlərdən biri də çirkli paltarların yuyulmasıdır

Pekinli tədqiqatçılar kosmik şəraitdə işləyə bilən paltaryuyan maşın icad ediblər.
“South China Morning Post” (SCMP) qəzeti xəbər verir ki, astronavtların üzləşdiyi problemlərdən biri də çirkli paltarların yuyulmasıdır. Nəşr qeyd edir ki, bu, nəticədə kosmik uçuşlar zamanı ən böyük xərclərdən birinə çevrilir.
Qəzet yazır: “Pekindən olan tədqiqatçılar həll yolu təklif etdilər. Onlar duman və ozondan istifadə edərək yeni maşın hazırladılar. Bu maşın kosmosda məhdud olan sudan və paltaryuyan tozdan istifadə etmir”.
Pekindəki Tədqiqat və Astronavtların Təlim Mərkəzinin bu icadı “Chinese Journal of Space Science” (“Çin Kosmos Elmləri Jurnalı”) nəşrinin son sayında təsvir edilib. Bu, 12 kiloqram ağırlığında kiçik, kubik formalı bir cihazdır.
Bir dövrədə 800 qrama qədər paltarı təmizləmək üçün maşın ultrasəs atomizasiyasından istifadə edərək ultra incə duman şəklində verilən cəmi 400 millilitr su istehlak edir. Yuyucu vasitənin əvəzinə ultrabənövşəyi işığın köməyi ilə sintez olunan ozon isə paltarları beş dəfə geyinmək üçün sterilizasiya edir.
Tədqiqatçıların hesablamalarına görə, yeni məhsul Çinin “Tianqun” kosmik stansiyasına, həmçinin gələcək Ay və ya Mars bazalarına missiyalar üçün götürülən paltarların çəkisini 60%-dən çox azaltmağa kömək edəcək.
Nəşr qeyd edir: “Stansiyaya 15 illik missiya üçün üç nəfərdən ibarət ekipaj təxminən 3383 kiloqram çəkisində geyimdən istifadə edə bilər. Gələcəkdə Ayda uzun müddət qalmaq üçün və ya Marsa səfərlər zamanı kosmik gəminin göyərtəsində yuyulma texnologiyasının inkişafı Yerdən göndərilməli olan böyük miqdarda paltarın azaldılması üçün mühüm əhəmiyyət kəsb edəcək”.
Qeyd olunur ki, bu cihaz çəkisizlik şəraitində xarakterik olan problemlərin qarşısını almaq üçün nəzərdə tutulub. Belə ki, paltaryuma prosesində su qabarcıqları çıxmır. O, həmçinin kimyəvi maddələr olmadan parçaları hamarlayır və sterilizasiya edir. Maşının uzunmüddətli - orbitdə beş aydan çox və ya dərin kosmosda iki ay yarımdan artıq müddətə missiyalarda istifadə ediləcəyi gözlənilir. Tərtibatçılar növbəti addımın yükgötürmə qabiliyyətini artırmaq və su sərfini daha da azaltmaq olacağı qənaətindədir. Onlar hesab edirlər ki, yenilik paltaryuyan maşının səmərəliliyini artıracaq prototipin yaradılması ola bilər.