Vatsapda xüsusi AI köməkçisi yaradılacaq
Bu barədə şirkətin təsisçisi Mark Tsukerberq bildirib
Vatsap mesenceri süni intellekt (AI) bazasında biznes hesablarının idarə edilməsi məqsədilə köməkçi funksiya tətbiq edəcək.
Bu barədə şirkətin təsisçisi Mark Tsukerberq bildirib. O, Braziliyada “Meta” şirkətinin konfransındakı çıxışında deyib: “İndi məqsədimiz süni intellektə əsaslanan tək köməkçi deyil, müxtəlif tapşırıqlar, o cümlədən biznes üçün bir neçə AI sistemi yaratmaqdır. Hər bir şirkət tez bir zamanda müştərilərlə ünsiyyət quracaq, onları müşayiət edəcək və kommersiya fəaliyyəti təşkil edəcək vasitəçi tapmağı bacarmalıdır”.
Təsisçinin “TechCrunch” portalının məlumatına görə, biznes hesablarının istifadəçiləri süni intellekt sistemlərindən istifadə edərək feysbuk və Instagram abunəçilərini vatsap çatına yönləndirəcək reklamlar yarada biləcəklər. Bundan əlavə, şirkət müştərilərin suallarına avtomatik cavab verə bilən süni intellekt sistemləri əsasında yardım masası hazırlayır.
Eyni zamanda, “Meta” müştərilərin onları rəsmi nümayəndələrdən gələn məlumatlardan fərqləndirmək imkanı əldə etmək üçün süni intellektdən istifadə etməklə yaradılan mesajları etiketləmək niyyətini açıqlayıb.
“TechCrunch”, həmçinin əlavə edib ki, vatsap həmin şirkətin yeniləmələrinə abunə olan bütün istifadəçilərə deyil, konkret auditoriyaya hədəflənmiş reklamlar və xəbərdarlıqlar göndərmək üçün süni intellekt texnologiyasından istifadə edəcək.