Çin Orta Dəhlizlə 300 konteyner blok-qatarı göndərəcək
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər
2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə Çindən 300-ə yaxın konteyner blok-qatarının göndərilməsi planlaşdırılır.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısında deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfdaşları ilə birlikdə onun səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq üçün konteyner daşımalarına və dəhliz boyu blok qatarların keçməsinə üstünlük verməyə başlayıb.
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çindən yüklərin daşınmasına dair razılıq əldə olunub. İlk dəfə olaraq bu ilin martında Çinin Sian limanından ilk konteyner qatarı cəmi 11 günə Bakıya gəlib. Orta hesabla Çindən Azərbaycana blok qatarları 8-10 günə, Gürcüstan limanlarına isə 12 günə çatdırılır. Bu, təqribən 30 min TEU və ya 420 min tona qədər yükə bərabərdir”, - deyə R.Rüstəmov bildirib.