Çin Transxəzər nəqliyyat dəhlizində iştirak edəcək
Bu fikri Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib
Çin Transxəzər beynəlxalq nəqliyyat dəhlizində iştirak edəcək.
Bu fikri Çin Xalq Respublikasının Sədri Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunun açılış mərasimində çıxışı zamanı deyib.
“Bir kəmər, bir yol” təşəbbüsü üzrə nəqliyyat-logistika əməkdaşlığından danışan Si Cinpin deyib ki, Çin yüksək keyfiyyətli “Bir kəmər, bir yol” əməkdaşlığı üçün birgə səy göstərərək çoxşaxəli əlaqə şəbəkəsi quracaq. Çin lideri bu istiqamətdə ölkəsinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizində iştirak edəcəyini, Çin-Avropa dəmir yolu əməkdaşlığı forumunu təşkil edəcəyini açıqlayıb.
Si Cinpin bildirib ki, Çin digər tərəflərlə birlikdə Avrasiyada birbaşa dəmir yolu və avtomobil nəqliyyatı ilə bağlı olan yeni logistika dəhlizi quracaq. “Biz “Dəniz İpək yolu” çərçivəsində limanları, gəmiçilik və ticarət xidmətlərini güclü şəkildə inteqrasiya etməyi, yeni beynəlxalq quru-dəniz ticarət dəhlizinin və “Hava İpək yolu”nun qurulmasını sürətləndirəcəyik”, - deyə Çin lideri bildirib.
Qeyd edək ki, Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb. Forumun açılış mərasimində bir neçə ölkənin dövlət və hökumət başçısı, yüksəkvəzifəli rəsmi şəxslər, beynəlxalq və regional təşkilatın rəhbərləri iştirak edir. “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümünə təsadüf edən builki forumda 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə iştirak edir.
Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Forumun müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri, habelə “yaşıl” inkişaf, rəqəmsal iqtisadiyyat, təmiz ipək yolu, dənizçilik əməkdaşlığı müzakirə olunacaq.