Çin Yerin müşahidəsi üçün orbitə yeni peyk çıxarıb
Peyk, həmçinin “Bir kəmər, bir yol” ölkələri üçün müxtəlif xidmətlər göstərəcək
Çin Yerin müşahidəsi üçün orbitə yeni peyk çıxarıb.
“Gaofen-11 05” peykini orbitə aparan “Böyük yürüş-4B” (“Long March”) daşıyıcı raketin buraxılışı iyulun 19-da yerli vaxtla səhər 11:03-də Şensi vilayətindəki Tayyuan məntəqəsindən həyata keçirilib. Peyk planlaşdırılan orbitə çatıb.
“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının hazırladığı peyk yer səthində müxtəlif müşahidələrin aparılması, o cümlədən torpaq ehtiyatlarının öyrənilməsi, şəhərsalma, yol şəbəkəsinin planlaşdırılması, əkin sahələrinin məhsuldarlığının qiymətləndirilməsi və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq. Peyk, həmçinin “Bir kəmər, bir yol” ölkələri üçün müxtəlif xidmətlər göstərəcək.
Qeyd edək ki, bu, “Long March” seriyasından olan raketlərin 528-ci buraxılışıdır.