ÇİNGİZİN SON ANLARI – GÖRDÜKLƏRİ VƏ GÖRMƏDİKLƏRİ...
Yağış yağmağa başlayanda mən səssiz-səmirsiz dişlərimi qıcıyıb Sumqayıt küçələri ilə hərəkət edirdim. Azərbaycanı ələk-vələk edən ongünlük səfərimin sonuncu günü idi və Allaha yalvarırdım ki, ailəm qarşısında üzümü qara etməsin.
...Yağış isti idi, sanki gedə-gedə duş qəbul edirdim. Binaların üzərində yazılan küçə adlarını və ev nömrələrini diqqətlə oxuyaraq çəkmələrimin su gölməçələrinə batdığını yalnız xüsusi şappıltı səslərindən anlayırdım. Tamamilə islanmışdım… Bədənimdə dolaşan endorfinlərə baxmayaraq, "panik atak" hiss etməyə başladım. Sumqayıta çatmaq üçün göstərdiyim inadlı səyi, Çingizin şəxsi tapançasını axtarmağa sərf etdiyim bütün vaxtı və sabah onun "40 mərasimi" gününədək anama verdiyim sözü düşünərkən, qabırğalarım ciyərlərimi kəmər kimi sıxırdı.
...Çingizin 1992-ci il 15 iyunda Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq itirdiyi, daha doğrusu, oğurlandığı şəxsi tapançasını axtarırdım. Həqiqətdə isə axtardığım o tapança deyildi. Axtardığım soyuq polad və eyni zamanda, odlu silahın simasında təsəlli idi; Çingizin özü idi, onun haqqında danışa biləcəyim hekayə idi...
Ləyaqətini qorumaq naminə ağrıdan zarıldayan, minaatan qəlpəsindən sağ baldır nahiyəsində şah damarı parçalanan Çingiz bir az bundan öncə lentə aldığı həyatın son və dəhşətli kadrlarını müşahidə edirdi: düşmənin minaatan atəşi davam edir. Yaralı Çingizi döyüş meydanından çıxarmağa çalışan ucaboylu əsgər qəlpə yarası alır. Hər yanı tüstü bürüyür – bu, açıq mövqedə durmuş və Çingizi döyüş meydanından çıxarmağa çalışan "BMP"ni tuşlayan növbəti minaatan mərmisinin yerə çırpılaraq yaratdığı qəlpə toranlığı, alov tüstüsü və toz-torpaq içində aradan çıxmaq istəyən zirehli maşının ardaşırı mühərrikə qaz verərək yaratdığı işlənmiş qazların dumanından ibarət cəhənnəmdir.
“Pozisiyalara qayıdın, atın məni burda”, – tələbini Çingiz beynində formalaşdırsa da, artıq ifadə edə bilmir… Ağzında dəmir tamı verən ağır maddə, sanki dilinin tərpənməsinə imkan vermir. Çingizi bu cəhənnəmdən çıxarmağa çalışan daha bir ucaboylu əsgər yaralanır və… ya "BMP"nin qapısı bağlanır, ya da Çingizin gözləri… Qaranlıq hökmranlıq etməyə başlayır və Çingiz uzaqda heç bir işıq görməyərək gedir...
Bu, Çingizin gördüyü son təsvirlər idi.
Şükür Allaha ki, Çingizin son gördükləri yalnız döyüş və qəhrəmanlıq təsvirləri oldu. Əsl igidin sonu!
Şükür Allaha ki, Çingiz onun cibindən düşən şəxsi tapançasını oğurlayan alçaqboylu əsgəri görmür. Həmin adam o qədər alçaq idi ki, "BMP"nin döşəməsində uzanıb... Çingiz onu görə bilmirdi…
...Mən isə onu gördüm… Düz, 10 gün axtardıqdan sonra tapdım və gözlərinə baxıb gizlədə bilmədiyi acizliyini və qorxaqlığını gördüm. Sonralar “Məndə yoxdur”, – son ifadəsi ilə yadımda qalan bu bədbəxt "dizertir" narkomanı onunla yaşayan qaraşın və hələ insanlığını itirməyən qız xilas etdi. Qız vəziyyəti və mən danışmasam da, məramımın ciddi olduğumu anladı. Nakam sevgilisini kişi ifadələri ilə söyərək, hələ də üstü yığışdırılmamış yatağın matrasını qaldırıb, altından ağ əsgiyə bürünmüş tapançanı mənə tərəf uzatdı. Tapançanın üzərində həkk olunmuş nömrəni yoxladım… Çingizin tapançası idi! Qız tərəfindən söyülən canlı o qədər hallı idi ki, baş verənlərə artıq reaksiya vermirdi. Qorxu ilə nəşənin sintezindən şüşələnmiş gözləri ilə mənimlə birlikdə otaqdan çıxan tapançaya baxırdı.
...Həmin gün Sumqayıtdakı o mənzildə mən bir söz belə demədim. Qusardan tutmuş Lənkərana, oradan Şəkiyə və sonra Gəncəyə etdiyim ezamiyyətlərdə sorğu-sual apardığım onlarca əsgər sonda Sumqayıtdakı bu mənzilin ünvanını mənə verirdilər. Məsələnin belə rahat həllində iştirak edən mənim yorğun və qardaşımın tapançasını ailəmizə qaytarmaq naminə hər bir ssenariyə hazır olduğumu nümayiş etdirən qətiyyətli baxışlarım və bütün müharibəni mənimlə keçirən sadiq və soyuqqanlı dostum Makar əsas rol oynadı. Sonralar eşitdim ki, həmin canlını kimsə elə bu mənzildə tapança ilə güllələmişdir. Çətin vaxtlar idi...
...Çingizin şəhid olmasından, artıq 39 gün keçib-gedirdi. Anama və ümumiyyətlə, bütün ailəmizə Çingizi heç kim qaytara bilməzdi. Buna inanmaq belə çətin idi, amma sırtıq həqiqət günbəgün bizi buna öyrəşdirir və bizi təsəllilər toruna salaraq zaman hörümçəyi qanımızı içib, Çingizsiz varlığımızı asılmış vəziyyətdə saxlayırdı... Biz buna heç bir müqavimət göstərmirdik...
24 iyun, axşam saat 21:30 ("40 mərasimi" günündən 2 saat 30 dəqiqə əvvəl)...
Anama ağ parçaya bürünmüş Çingizin şəxsi tapançasını təqdim etdim… sonuncu təsəllimizi…