COVID hələ uzun illər bizimlə qalacaq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu açıqlama yayıb
COVID-19 artıq ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olmasa da, virus bütün dünyada insanların sağlamlığına böyük zərbə vurmaqda davam edir. Bir halda ki, pandemiya artıq dördüncü ildir davam edir, görünür, bu virus hələ uzun illər, bəlkə də həmişəlik bizimlə qalacaq.
BMT-nin saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu bununla bağlı COVID-19 üzrə yeni keçid planını açıqlayıb.
2020-ci ilin yanvar ayından bəri Avropa və Mərkəzi Asiyada 270 milyondan çox insan COVID-19-a yoluxub və 2,2 milyondan çox insan bu xəstəlik nəticəsində həyatını itirib. Əhalinin immunitetinin artırılması sayəsində COVID-19-la bağlı xəstəxanaya yatırılanların və ölüm hallarının sayının əhəmiyyətli şəkildə azalmasına baxmayaraq, virusun geniş dövriyyəsi göstərir ki, hər həftə hələ də minlərlə həssas insan əvvəlki kimi dünyasını dəyişir. Bundan başqa, əldə olunan irəliləyişə baxmayaraq, ÜST-nin Avropa regionunda qeyri-bərabərlik hələ də mövcuddur.
Eyni zamanda, yeni variantların real yaranma riski də qalmaqdadır. Həmin variantlar daha yoluxucu və ya daha ağırgedişatlı ola bilər ki, bu da epidemioloji nəzarət üçün resursların daimi ayrılmasını daha da aktuallaşdırır.
COVID-19 virusunun və virusa təkrar yoluxmanın uzunmüddətli fəsadları sağlamlıq üçün fərdi və kütləvi şəkildə təsirinin öyrənilməsi yaxşı araşdırılmayım. Dəyərləndirmələrə görə, pandemiyanın ilk iki ilində azı 17 milyon nəfər uzunsürən COVID-19-la qarşılaşıblar, 2022-ci ilin yekunlarına görə isə bu rəqəm potensial şəkildə iki dəfə artaraq 34 milyondan çox insana bərabər olacaq.
Ölkələr bir sıra respiratorlu xəstəliklərlə yanaşı bu virusla da yaşamağı öyrənməli olacaqlar. Bu isə COVID-19 virusu ilə mübarizənin daha geniş profilaktika və nəzarət proqramlarına inteqrasiyası deməkdir.
“2020-ci ildən sonra yaranan müsbət dinamikadan istifadə edərək indi pandemiya ilə mübarizənin gedişində əldə olunan nailiyyətlərə sərmayə yatırmaq və onları möhkəmlətmək, eyni zamanda, bu pandemiyadan və səhiyyə sahəsində digər fövqəladə vəziyyətlərdən götürdüyümüz ibrət dərslərinin tətbiqi vaxtıdır. Bu, bizim səhiyyə sistemlərimizin gələcək sarsıntılara davamlılığının artıtılmasına aparan yoldur”, - deyə ÜST-nin Avropa bürosunun direktoru Hans Klyuge bildirib.
Bununla bağlı ÜST-nin Avropa bürosu COVID-19 ilə mübarizəyə öz yanaşmasında təşkilatın fövqəladə vəziyyətlərdə beş əsas altsistemi çərçivəsində - birgə epidemioloji nəzarət, fövqəladə vəziyyətin bütün dövrü ərzində əhalinin müdafiəsi, tibbi yardım təminatı, cavab tədbirləri və əlaqələndirmə - COVID-19 pandemiyası və qripə reaksiya verilməsi planlarından tutmuş kompleks planlaşdırılmasınadək bir sıra strateji dəyişikliklər həyata keçirəcək.
Yeniliklər, eləcə də COVID-19 və bu yaxınlardakı digər fövqəladə vəziyyətlərdən əldə olunan təcrübələr 2024-2029-cu illər üçün ictimai səhiyyə sisteminə hazırlıq səviyyəsinin və reaksiyanın artırılmasından ötrü növbəti regional beşillik fəaliyyət planının işlənib hazırlanmasında istifadə olunacaq.