BLOQ

Cümhuriyyət tarixinin əbədiləşdirilməsilə bağlı YENİ TƏKLİF

70 illik Sovet tarixi Azərbaycan dövlətçiliyinin və xalqının həyatının ayrılmaz hissəsidir, onu nə tarıxdən, nə yaddaşlardan birdəfəlik silmək olar

Cümhuriyyət tarixinin əbədiləşdirilməsilə bağlı YENİ TƏKLİF
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Hər bir ölkənin istər iri şəhərləri, istərsə də ən kiçik yaşayış məntəqələrində o ərazilərdə baş vermiş mühüm hadisələri, yaxud onun tarixində, ədəbiyyatında, mədəniyyətində iz qoymuş mühüm şəxsiyyətləri xatırladan adlar mövcuddur. Burada söhbət yalnız tarixi tikililər, saray və qəsrlər, memarlıq abidələri, dini binalar, heykəllərdən deyil, həmin şəhərin, yaxud kəndin küçə və meydan adlarından gedir. Müasir dövrdə də yeni yaradılan qəsəbə, meydan, küçə və digər tikililərlə yanaşı artıq yol, nəqliyyat sistemindəki vasitələrə (metro, dəmir yolu, gəmiçilik, stansiyalar) və s. yeni adların verilməsinə yaranan ehtiyac da həmin məsələnin daim gündəmdə qalmasını şərtləndirir. Təbii ki, burada müxtəlif tarixi dövrlərdə ölkənin və xalqın siyasi həyatında baş vermiş əsaslı dəyişikliklərin yaratdığı problemlərin həlli - müəyyən hadisələr və şəxsiyyətlərlə bağlı adların dəyişilməsi zərurəti də nəzərə alınmalıdır.
    Məlumdur ki, Azərbaycanın müasir tarixində hər siyasi-ideoloji dövrün öz mühüm əhəmiyyətli sayılan hadisələri və şəxsiyyətləri olmuş, eyni zamanda bir sıra səbəblərdən Azərbaycanın dövlətçilik tarixində həqiqətən mühüm rol oynamış şəxsiyyətlər və hadisələr müxtəlif səbəblərdən diqqətdən kənar qalmışdır. Bu amil də "Adlandırma" siyasətində yer almaqdadır. Beləliklə, bir tərəfdən adların dəyişilməsi, digər tərəfdən yeni adların hansı prinsip əsasında seçilməsi sualı ortaya çıxır.

    Zənnimcə, burada hara verilməsindən asılı olmayaraq hər biri ada fərdi yanaşılmalıdır. Sovet dövrü Azərbaycanın dövlətçilik və siyasi-ictimai tarixində mənfi rol oynadıqları danılmaz faktlarla təsdiq olunan şəxsiyyətlərin (məs. Şaumyan başda olmaqla 26 Bakı komissarları, bəzi bolşevik xadimləri) adlarını, eləcə də tarixi təqvimləri (28 aprel, 7 noyabr və s.) xatırladan adların dəyişilməsi müstəqilliyini bərpa etmiş dövlətimiz üçün zəruri idi və bu işlər görüldü. Burada qeyd edilməlidir ki, həmin dəyişilmə qərarlarını vermiş insanlar bu vəzifəni olduqca düşünülmüş və məntiqli şəkildə, Sovet dövrü fəaliyyət göstərmiş hər bir tarixi şəxsiyyətə fərdi qaydada yanaşmaqla, onun Azərbaycan dövlətçiliyində xidmətlərini nəzərə almaqla gördülər. Bu çox mühüm addım idi və bu sıradan Nəriman Nərimanovla bağlı adların və onun heykəlinin saxlanılması ən bariz nümunədir. Nəzərə almaq lazımdır ki, 70 illik Sovet tarixi Azərbaycan dövlətçiliyinin və xalqının həyatının ayrılmaz hissəsidir, onu nə tarıxdən, nə yaddaşlardan birdəfəlik silmək olar, və bu heç mümkün də deyil. Bu dövr Azərbaycanlıların üç nəslinin yaşayıb yaratdığı, elm, təhsil, mədəniyyət, ədəbiyyat, sənaye və təsərrüfat sahəsində misilsiz uğurlar qazandığı, ayrı-ayrı dövrlərdə ölkənin kommunist rəhbərliyi tərəfindən heç də beynəlmiləl deyil, milli siyasət yürütdüldüyü bir zaman kəsiyidir. Odur ki, həmin dövr ölkəmizin inkişafı ilə əlaqədar tarixi hadisələr və şəxsiyyətlərin adları müasir dövrdə xalqın yaddaşında bu və ya digər şəkildə əks olunmalı və bu yolla təbliğ edilməlidir. Bu baxımdan Sovet dövrünün bəzi ümumbəşəri əhəmiyyət daşıyan simvolları da (xalqlar dostluğu, ulduz və s.) məhz bu mənada pozitiv rəmzlər kimi saxlanıla bilər.

    Digər tərəfdən, Azərbaycan milli müstəqil dövlətçiliyin əsasını qoymuş Cümhuriyyət liderlərinin xidmətləri və adları yalnız küçələrə verilməklə deyil, daha geniş miqyasda və layiqincə anılmalıdır. Bakıda, Gəncədə və digər böyük şəhərlərdə Cümhuriyyət Meydanları yaradılmalı, bu meydanlarda Cümhuriyyət xadlmlərinin büstləri qoyulmalı, onların dövlət xadimi kimi Bakıda yaşadıqları evlərin qarşısına xatirə lövhələri vurulmalı, ev muzeyləri yaradılmalıdır.

    Bu sıradan ən ədalətli addım isə Bakının ən gözəl memarlıq abidəsi, vaxtilə Bakının müsəlman xeyriyyə cəmiyyətlərinin fəaliyyəti üçün inşa edilmiş və 1918-ci ilin qanlı mart hadisələrində yandırılana qədər müsəlman əhalisinin bütün mühüm yığıncaqlarının təşkil edildiyi, Sovet dövründə isə I Türkoloji Qurultayın keçirildiyi İsmailiyyə binasında "Cümhuriyyət muzeyi" təşkil etmək məqsədəuyğun olardı.

    Eyni zamanda, bu şanlı tariximizlə yanaşı 1918-ci il mart soyqırımı tarixini də, (Binanın o hadisələrin gedişində yandırıldığı və ciddi dağıntılara məruz qaldığı nəzərə alınmaqla) bu muzeydə əks etdirmək hər barədə yerinə düşərdi.
    Beləliklə, hazırda AMEA-nın yalnız Rəyasət Heyətinin yerləşdiyi bu bina öz tarixi funksiyasını bərpa edər, şəhərin mərkəzində yerləşməklə turistlərin diqqət mərkəzində olar, həm də İstər Milli Azərbaycan Tarixi muzeyinin, istərsə də İstiqlaliyyət muzeyinin kiçik ərazi imkanları səbəbindən heç 10 faiz tarixi nümayiş etdirilməyən Cümhuriyyət tarixi və 1918-ci il mart Bakı soyqırımı tarixinin ən geniş şəkildə nümayişinə imkan verərdi.

    Eyni zamanda, bu yaxınlarda bir qrup Azərbaycan ziyalısının Bakının Bayır şəhər adlanan tarixi məhəllələrində aparılan geniş söküntü işləri ilə bağlı narahatlığını ifadə edən məktubla ölkə başçısına müraciətini də xatırlatmaq istərdim. Bu məktubda tanınmış ziyalıların narahatlığı ilə bərabər həmin ərazilərin istər Bakının tarixi-memarlıq, istərsə də 1918-ci il faciəli hadısələrinin baş verdiyi əsas məkan baxımından əhəmiyyəti nəzərə alınmaqla bu məhəllələrə "Bayır şəhər-tarixin yaddaşı" adlı qoruq statusu vermək və orada İçəri şəhərdə olduğu kimi müəyyən abadlıq işləri aparmaqla onu da qoruq şəklində sakinlərin və turistlərin istifadəsinə təqdim etmək məqsədəuyğun olardı. Təəssüf ki, ziyalıların bu məktubuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətindən aldığımız cavab sadəcə "cavabdan" başqa bir real məna yükü daşımadı, "qoruq" söhbətinin isə adı belə çəkilmədi.

    Bu baxımdan tariximizi və müasir dövr nailiyyətlərimizi, xüsusilə Qarabağ müharibəsində möhtəşəm Qələbəni, şəhər və kəndlərimizin istər tarixi, istər yeni salınan meydan, küçə, məhəllə və d., vasitələrin adlarında yaşatmaq kimi olduqca mühüm işlərdə hələ ki, tarixçilər, memarlar, ümumən ziyalılar və ictimai fəalların fikir və mövqeyi deyil, məmurların qərarlarının əsas rol oynadığını görürük və bu məqam acı təəssüf doğurur...