Dağıstan rəhbəri Bakı-Moskva gərginliyindən narahatdır
Sergey Melikov bu barədə öz "Telegram" kanalında yazıb

Dağıstan rəhbəri Sergey Melikov Rusiya ilə Azərbaycan arasında yaranmış gərginliyi şərh edib:
"Biz Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yaranmış müəyyən çətinlikləri narahatlıq və ağrı ilə müşahidə edirik. Amma əminəm ki, onların hamısı xalqların maraqları və münasibətlərimizin tarixinə hörmət nəzərə alınmaqla, sülh yolu ilə həll olunacaq", - Dağıstanın rəhbəri bildirib.
O, respublikada Azərbaycan mənşəli çoxlu insanın yaşadığını və məhz Dağıstanda azərbaycanlıların yerli xalq olduğunu qeyd edib. Onun sözlərinə görə, “indi iki qardaş xalqı təxribata çəkmək və münaqişəyə cəlb etmək cəhdləri mümkündür”.
"Mən hər kəsə müraciət edirəm: həm dağıstanlılara, həm də qardaşlarımıza, azərbaycanlılara - aramızda paz qoyulmasına imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara qapılmayın, gündəlik millətçiliyə boyun əyməyin. Biz birlikdə çox şeylər keçmişik və bunun öhdəsindən gələcəyik", - Məlikov əlavə edib.