Oktyabrın 29-da axşam saatlarında Mahaçqalanın "Uytaş" hava limanında İsraildən uçan təyyarənin gəlişi zamanı iğtişaşlar baş verib. 2 minə yaxın izdiham güya Fələstin xalqına dəstək vermək üçün və İsrail dövlətinə etiraz etmək məqsədi ilə o ölkədən gələn sərnişinlərə hücum etmək istəyib.
Bəzi məlumatlara görə, iğtişaşlar Xasavyurt şəhərində başlayıb. Şəhərin küçələrində hərbi texnika yeridilib.
Camaat hava limanına soxulub, bundan sonra insanlar təyyarəni mühasirəyə alıblar, hadisə yerinə xüsusi təyinatlılar gəlib. Moskva vaxtı ilə saat 22:10-da Dağıstan hökuməti hava limanında təhlükəsizlik qüvvələrinin işlədiyini və vəziyyətin nəzarət altında olduğunu bildirib. Daha 10 dəqiqədən sonra aerodrom kənar şəxslərdən təmizlənib.
Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı polis və mülki şəxslər də daxil olmaqla 20 nəfər xəsarət alıb. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır. İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 212 - kütləvi iğtişaşlar maddəsi ilə cinayət işi açıb. Daxili İşlər Nazirliyi Mahaçqala hava limanında iğtişaşların 150-dən çox iştirakçısını müəyyən edib, onlardan 60-ı saxlanılıb.
Təyyarələr içərisində islamçılardan gizlənən israillilərin taleyi bəlli deyil. Bəzi məlumatlara görə, onlar hələ də müxtəlif reyslərlə Mahaçqalaya gələn təyyarələrin içərisindədirlər.
Dağıstanda yaşayan dağ yəhudiləri bu respublikanı tərk etməyə hazırlaşırlar. Mahaçqalada 400 yəhudi ailəsi yaşayır.
Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, Dağıstan Respublikasında vəziyyəti qızışdırmaq cəhdləri xaricdən, o cümlədən ukraynayönümlü Telegram kanalları tərəfindən edilir.
“Dağıstanda sabitliyi pozmaq cəhdləri, o cümlədən etnik ədavətin və dinlərarası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə etməklə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”, -deyə o, iddia edir.
Melikovun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, region sakinlərinin mitinqlərə çıxması ilə bağlı çağırışların dərc olunduğu "Utro Daqestan" Telegram kanallarından biri xaricdən idarə olunur: “Bu gün bizə tamamilə etibarlı məlumat daxil olub ki, “Utro Daqestan” kanalı Ukrayna ərazisindən xainlər, "banderaçılar" tərəfindən idarə olunur və tənzimlənir.
Lakin adı çəkilən Teleqram kanalı bu məlumatı qəti təkzib edir: "Heç bir ukraynalı “Utro Daqestan”a və İlya Ponamoryova və heç kimin “Utro Daqestan”na aidiyyatı yoxdur! Biz Ukraynada deyilik! “Utro Daqestan” kanalının sahibi və adminlərinin heç kimdən asılacağı yoxdur, o tam müstəqildir!!! Kanalın sahibi və admini dağıstanlı və müsəlmandırlar, Əlhəmdulillah!!!"
Adı hallanan, Kiyevdə mühacirətdə olan Rusiya müxalifətçısı İlya Ponamoryov da Melikovun məlumatını təkzib edib və onun adı çəkilən Teleqram kanalına aidiyyəti olmadığını bəyan edib.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Dağıstanda baş vermiş kütləvi iğtişaşlarla bağlı cinayət işinin istintaqının gedişinə nəzarəti öz üzərinə götürüb, İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bastrıkin Dağıstan üzrə İstintaq Komitəsinin rəhbəri Dmitri Belyayevə "cinayətin bütün hallarını, onun iştirakçıları və təşkilatçılarını müəyyən etməyi, onların hərəkətlərinə hərtərəfli hüquqi qiymət verməyi" tapşırıb.
Komitənin məlumatına görə, sosial şəbəkələrdə müxtəlif hesablarda “kütləvi iğtişaşlar təşkil etmək məqsədi ilə Dağıstan Respublikasının əhalisinə "Uytaş" Beynəlxalq Hava Limanı ərazisində etiraz aksiyalarında iştirak etməyə çağırışlar edilib”.
Rusiya Daxili İşlər Nazirliyi Mahaçqalanın "Uytaş" hava limanında artıq 150-dən çox iğtişaş törədəni şəxs müəyyən edib, onlardan 60-ı saxlanılıb.
Dağıstan rəhbərliyi xəbər verir ki, iğtişaşlardan sonra respublikada vəziyyət sakitdir. “Ümid edirəm ki, "Uytaş" hava limanı ərazisində baş vermiş vəziyyət respublikamızdakı ictimai-siyasi vəziyyət üçün xarakterik deyil. Vəziyyət nəzarətdədir, nəzarət altında olacaq. O, həm respublika, həm də federal orqanlar tərəfindən idarə olunacaq...” - deyə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.