Saatçılığın şah əsəri oğruları 90 dəqiqəyə yaxalandı VİDEO
VMF Şirkətinin təhlükəsizlik xidməti və polisin yüksək peşəkarlığı sayəsində oğurlanan "BREGUET Tourbillion" saatı VMF Muzeyinə qaytarıldı
"09 oktyabr tarixində VMF Şirkətinin, əsasən dünyanın tanınmış markalarının sərgi salonu kimi tanınan "Kontinental saat muzeyi"ndən oğurlanan nadir saatsazlıq nümunəsi "BREGUET Tourbillion" mexanizmli qızıl saatdır.
Bu saat marka tərəfindən məhdud sayda istehsal edilib və saatın siferblatında onun nömrəsi qeyd edilir. "BREGUET Tourbillion" və beşgünlük güc ehtiyatı sayəsində bu saat dünyada texniki yaradıcılıq və saatsazlığın şah əsəri kimi Azərbaycanda da, bütün dünyada olduğu kimi, saatsevərlər üçün incəsənət nümunəsi kimi sərgilənir.
"Kontinental saat muzeyi"ndə nümayiş etdirilən bu saatın 09 oktyabr tarixində bu sahədə "ixtisaslaşmış" beynəlxalq səviyyəli Çin oğru dəstəsi tərəfindən oğurlanması faktı aşkar edilən kimi Şirkətimizin təhlükəsizlik xidməti dərhal bizimlə sıx əməkdaşlıq edən polis idarəsinə və "Paşa Sığorta" şirkətinə müraciət etdi. Sözün düzü, bu saatsazlıq incisinin bu sahədə "ixtisaslaşan" beynəlxalq cinayətkar dəstələrin maraq dairəsində olması ilə bağlı məlumatımız var idi və bir sıra öklələrdə ayrı-ayrı vaxtlarda bununla bağlı oğurluq faktları da aşkar edilmişdi. Amma Azərbaycanda polis və VMF təhlükəsizlik xidmətinin birgə keçirdikləri əməliyyat nəticəsində cinayətkarlar 90 dəqiqə ərzində hava limanında zərərsizləşdirildilər və saatçılığın bu şah əsəri xilas edildi.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün mətbuat orqanlarında faktla bağlı yayılan məlumatlarda jurnalistikanın xəbəri emal etməklə bağlı bir sıra təməl qaydalarına riayət edilməyib. ANS hər zaman xəbəri yayıma verəndə bir neçə mənbədən və ən əsası, ilkin mənbədən onu dəqiqləşdirirdi. Acınacaqlı hal oldur ki, yayılan xəbərlər heç bir mənbəyə istinad edilməyib və əsas mənbə VMF-dirsə, mənə VMF Şirkətinin Baş direktoru kimi heç kim müraciət etməyib. Əfsuslar olsun... Əks halda, keçmiş jurnalist kimi yuxarıda yazdığım kiçik məqalənin müəllifi siz ola bilərdiniz.
Təəssüf ki, mətbuat orqanları bu olayda maraqlı fakt kimi saatın qiymətini ön plana çıxarıblar. Amma burada da səhv ediblər. Bu incəsənət əsərinin dəyəri müxtəlif yazılardan fərqli olaraq 100 minlərlə sayılmır, cəmi 80 min manat civarındadır. ANS yazsaydı, maraqlı fakt kimi bu hadisədə saatın dəyəri yox, Azərbaycan polisinin cəmi 90 dəqiqə ərzində beynəlxalq, ixtisaslaşmış, qatı, peşəkar cinayətkar qrupunun yaxalanması məharətindən yazardı.
Fürsətdən istifadə edərək, Azərbaycan polisinə, təhqiqatçılarına, əməliyyatçılarına, habelə VMF Şirkətinin təhlükəsizlik xidmətinin aparıcı mütəxəsislərinə, eyni zamanda öz adımdan və bütün VMF kollektivi adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, hətta ANS-sizlik şəraitində çalışan mətbuat orqanlarına tövsiyə edirəm ki, sizə inanan auditoriyanıza bir neçə mənbədən yoxlanılmış dəqiq, qərəzsiz və vicdanlı məlumat verəsiniz".
Hörmətlə, VMF Şirkətinin Baş direktoru Aida Əliyeva