“Dahilərin Divanı”: Nəsibə Zeynalova

Bu veriliş ANS televiziyasında 06.03.2009-cu ildə çəkilib və yayımlanıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nəsibə Cahangir qızı Zeynalova Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı olub.

    Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

    Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb.

    Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

    Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.