XƏBƏRLƏR / Din

Danimarka “Qurani-Kərim”in yandırılmasını qadağan edir

Bu barədə “Deutsche Welle” xəbər yayıb

Danimarka “Qurani-Kərim”in yandırılmasını qadağan edir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Danimarka qanunvericilik səviyyəsində “Qurani-Kərim”in yandırılmasını qadağan edir. Bu barədə ədliyyə naziri Peter Hummelqaard məlumat verib.

    “Deutsche Welle” nəşri xəbər verir ki, hökumət belə qadağanın söz azadlığını pozduğunu bildirən ölkənin bəzi müxalifət partiyalarının etirazlarını qəbul etməyib.

    “Qanun layihəsi dini icma üçün mühüm dini əhəmiyyət kəsb edən obyektlərlə pis rəftar etməyi qadağan edir”, - deyə Peter Hummelqaard jurnalistlərə bildirib.

    O əlavə edib ki, qanun layihəsi ictimai yerlərdə yandırma və digər təhqir etmə növləri ilə bağlı hərəkətlərə şamil ediləcək.

    “Qanun layihəsində, misal üçün Qurani-Kərim”, “İncil” və ya “Tövrat”ın ictimai yerlərdə yandırılmasına görə məsuliyyət nəzərdə tutulub. Mən prinsipial olaraq, hesab edirəm ki, əşyaların yandırılmasından fərqli olaraq, fikirlərin ifadə edilməsinin daha sivil üsulları mövcuddur”, - deyə o vurğulayıb.

    “NY Times” nəşrində deyilir ki, “qanun layihəsinə əsasən, mühüm dini əhəmiyyət kəsb edən obyektlə pis ünsiyyətdə təqsirkar bilinən şəxslər cərimələnə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər”.

    Danimarka belə tədbirləri son aylarda baş vermiş çoxsaylı hadisələrlə əlaqədar olaraq görmək məcburiyyətində qalıb, həmin vaxt bu ölkədə və İsveçdə insanlar ictimai yerlərdə “Qurani-Kərim”in nüsxələrini yandırır və ya təhqir edirdilər. Bu hərəkətlər Şimali Avropa ölkələrindən bu cür aksiyaları qadağan etməyi tələb edən bir neçə müsəlman ölkəsində hiddətə səbəb olub.

    Ötən həftə İsveç bu hərəkətlərdən qəzəblənən insanların hücumlarından qorxaraq, 2016-cı ildən bəri ilk dəfə olaraq terror təhdidinin səviyyəsini 2-yə qaldırıb.

    Xatırladaq ki, bu cür aksiyalar hələ keçən ildən bəri İsveç, Danimarka və Hollandiyada baş verir. O vaxt Stokholm və Haaqada baş vermiş bu cür insidentlər Türkiyənin Diyanət İşləri İdarəsinin qəzəbinə səbəb oldu. Hətta Ankaranın Baş prokurorluğu tərəfindən İsveç, Danimarka və Hollandiyada “Qurani-Kərim”in yandırılması aktlarını törədənlərə qarşı cinayət işi açılıb.