Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilir
Baş nazir müvafiq sərəncam imzalayıb
Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilir.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının (bundan sonra - Yasaqlıq) fəaliyyəti bərpa edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etməli, yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görməlidir.
Bundan başqa, nazirliyə yasaqlıq ərazisində yerləşən təbiət komplekslərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Aidiyyəti dövlət orqanları (qurumları) isə sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.