Qənirə Paşayevaya diqnoz qoyulub YENİLƏNİR
Millət vəkili süni nəfəs aparatına qoşulub
17:00
Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.
Bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:
"Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub".
***
16:00
Millət vəkili Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub”.
Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, hazırda Qənirə xanımın ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır:
“Əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub. Lakin xəstənin çox ağır vəziyyəti davam edir”.
***
15:30
"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür".
Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:
"Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.
Baş həkim bildirib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır. Onun bütün tapşırıqları istiqamətində işlər aparılır. Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib.
Qeyd edək ki, millət vəkili sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
***
Dünən gecədən komaya düşən Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir.
Sosial şəbəkə istifadəçilərinin yazdıqlarına görə, deputatın vəziyyəti stabil ağırdır.
Qənirə Paşayevanın dərmandan komaya düşdüyü bildirilib.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
İş fəaliyyətini ANS Yayım və Media Şirkətində başlayan Qənirə jurnalist kimi uzun müddət çalışandan sonra ölkənin siyasi proseslərinə qatılaraq, Milli Məclisə üzv olmaq üçün namizədliyini irəli sürüb. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.