Deputatlığa namizəd adam bıçaqlamaqda şübhəli bilinir
Taleh Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir
Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Cavadov Nazir Ağacavad oğluna bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb və əməliyyat edilib.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-u saat 22:15-də Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.
Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir.