XƏBƏRLƏR / Diplomatiya

Diplomatik korpus nümayəndələri Qarabağa səfər ediblər FOTO

Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev rəhbərlik edir

Diplomatik korpus nümayəndələri Qarabağa səfər ediblər FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:15

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkına gəliblər.

    Xarici nümayəndələr Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar.

    Bildirilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

    Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

    Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.

    Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib.


    ***

    13:02

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər.

    Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

    Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.

    Qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər. E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı qətliamı barədə də ətraflı məlumat verilib.

    Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının icrası barədə geniş məlumat verilib.

    Səfərdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

    Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə, iki gün davam edəcək.