Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri bitib
İki günlük səfərə 58 ölkədən 150 nümayəndə yollanıb FOTO / YENİLƏNİB
19:21
12 sentyabr 2026-cı il Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.
***
16:02
Diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə səfərləri çərçivəsində “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar.


58 ölkədən və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər diplomata “İstisu” mineral su zavodu barədə məlumat verilib.

Qeyd olunub ki, Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Tərkibinə görə gündəlik istifadə üçün yararlı təbii qazlı mineral su hesab olunan “İstisu” zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir.
Mütəxəssislərin rəyinə əsasən, unikal təbii şəraitdə formalaşan su insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir. Balneologiya sahəsində ixtisaslaşmış xarici təşkilatlar tərəfindən də suyun keyfiyyət göstəriciləri yüksək qiymətləndirilib.
***
14:27
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.
Diplomatlar dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.

Qeyd edək ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərləri mütəmadi olaraq təşkil edilir.
***
11:05
Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Əvvəlcə nümayəndələr Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verib.
Qeyd olunub ki, Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub. Bu dəyərli abidənin inşaat və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxanilər dövlətinin iqtisadi gücündən soraq verir.

Sonra diplomatik korpusun nümayəndələri Gəncəsar Monastır Kompleksinə baxış keçirib.

***
10:34
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.
Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.
Səfər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi altında Ağdərə və Kəlbəcər rayonlarında reallaşdırılan genişmiqyaslı bərpa və quruculuq layihələri ilə tanış olacaqlar.
Diplomatlara regionda həyata keçirilən sosial və iqtisadi infrastruktur layihələri, tarixi-mədəni irs obyektlərinin vəziyyəti, eləcə də onların qorunması və bərpası istiqamətində görülən işlər təqdim olunacaq.
Qeyd edək ki, bu, diplomatik korpusun nümayəndələrinin 2020-ci ildən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir.
***
09:55
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.
"Diplomatik korpus nümayəndələri ilə Şuşa və Xankəndiyə səfərimizin ilk günündən. Hazırda Ağdərə və Kəlbəcərə yollanırıq", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, sentyabrın 11-də Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb.
***
11 sentyabr 2026-cı il
17:27
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar.
Qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib.
Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar.
***
17:20
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına ikigünlük səfəri çərçivəsində Cıdır düzündə (Şuşa şəhəri, Qarabağ bölgəsi) olublar.
Qonaqlar bu ərazinin tarixi-mədəni əhəmiyyəti və Cıdır düzündən açılan mənzərələrlə tanış olublar.
Cıdır düzü Şuşanın əsas görməli yerlərindən və şəhərin rəmzlərindən biri hesab olunur.
***
17:00
Diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib.
Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.
***
16:37
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəliblər.
Qonaqlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olurlar.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
***
15:30
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri sentyabrın 11-də Xankəndi tikiş fabrikində olublar.

Diplomatlara müəssisə barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib.


Azərbaycan-Özbəkistan birgə müəssisəsi ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, iki ölkə arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir.
***
15:05
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

Onlar ali təhsil müəssisəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ikigünlük səfərləri çərçivəsində ziyarət ediblər.
Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib.


Qeyd edək ki, hazırda bu ali təhsil müəssisəsində 3 minə yaxın tələbə təhsil alır.
***
12:18
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkına gəliblər.


Xarici nümayəndələr Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar.

Bildirilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.
Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub.
Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib.
***
11:38
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinə gəliblər.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Mədəniyyət Mərkəzi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.

Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
***
11:19
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiətilə Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.
Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə baxış keçiriblər.
Beşmərtəbəli kompleksin ərazisində iki dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur. Yeni kompleks şəhər mərkəzindən 4 kilometr məsafədə yerləşir. Bu infrastrukturun gələcəkdə Xankəndi sakinlərinin ictimai nəqliyyatdan daha rahat istifadəsinə imkan verəcəyi gözlənilir.

Diplomatik korpusun nümayəndələrinə məlumat verilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti Bərdə–Ağdam dəmir yolunun davamıdır və uzunluğu 28 kilometrdir. Xətt boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi dəmir yolu və avtovağzal kompleksinin, eləcə də digər zəruri infrastrukturun yaradılması planlaşdırılır. Dəmir yolu xətti üzrə layihələndirmə işləri başa çatdırılıb və layihənin 2025–2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutulub.
İkigünlük səfər çərçivəsində diplomatlar Xankəndi ilə yanaşı, Şuşa, Ağdərə və Kəlbəcərə də gedəcəklər. Onlar azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni sosial və iqtisadi infrastruktur layihələri, həmçinin tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən tədbirlərlə yerində tanış olacaqlar.
***
10:19
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
İki günlük səfərə 58 ölkədən və Azərbaycanda akkreditə olunmuş doqquz beynəlxalq təşkilatdan 150 nümayəndə daxildir.



Diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan bərpa işləri ilə tanış olacaqlar.
14 dəqiqə