Dondurulmuş məhsullar və onların istifadə qaydası
Dondurulan məhsula edilən əlavə qatqılar çox önəmlidir
Konservləşdirilmiş meyvələr, dondurulmuş xəmir xörəkləri - düşbərə, xəngəl, hisə verilmiş və ya yarımfabrikat halında qablaşdırılmış ət məhsulları son vaxtlarda mağazalarda belə qida növlərinə daha çox rast gəlinir və həmin qidaların kifayət qədər alıcıları var.
Xüsusi temperaturlu soyuducuda saxlanılan məhsulların müxtəlif növləri təklif olunur. Məhsulları alan zaman həmin qidaların buzunun alınması prosesinə diqqət yetirmək tövsiyə edilir. Bunu otaq şəraitində, su içində, qızdırıcının üzərində və altında və ya günəşli yerdə saxlamaqla etmək olmaz. Donmuş məhsul soyuducunun digər rəflərinə qoyularaq və ya mikrodalğalı sobada xüsusi nəzərdə tutulan rejimdə istehlaka hazır vəziyyətə gətirilməlidir.
Həmin qidaları əldə edərkən ehtiyatlı davranmalı olduğumuz başqa məqamlar barədə həkim-qastroenteroloq Mətanət Cəfərova deyir: “Evdə hazırlananla hazır şəkildə marketlərdən alınan dondurulmuş qidaların arasında fərq var. Dondurulmuş qidalar alınarkən onun son istifadə müddətinə baxılmalı və hansı şəraitdə dondurulduğuna və saxlanıldığına fikir verilməlidir. Dondurulmuş məhsul mənfi 18-dən 35 dərəcəyə qədər dondurula bilər. Dondurulan məhsula edilən əlavə qatqılar çox önəmlidir. Məhsul düzgün dondurulanda və istehsal müddətinə nəzarət olunanda heç bir problem yaranmır”.