XƏBƏRLƏR / Elm və Texnologiya

Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb

Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” keçirilir

Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 11:39

    2024-cü ildə 100 dövlət qurumunun adlarına bənzədilmiş saxta domen aşkarlanıb və ölkə üzrə fəaliyyəti dayandırılıb.

    Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

    “Statistikada diqqət çəkən məqam üç həftə öncə bizim sistemə düşmüş “Report.az” informasiya ehtiyatına fişinq hücumu hazırlanması olub. Bu bəlkə də ötən gün baş verən kiberhücumun ilkin əlamətlərindən biri idi. Eyni zamanda, dövlət qurumlarının domenlərindən hesab olunan “govaz.am” deyə saxta domen aşkarlanıb. Onun da bloklanması tərəfimizdən həyata keçirilib. Bu da qonşu ölkələrin bizim dövlət qurumlarının hədəf almasını göstərən göstəricidir”, - deyə T.Məmmədov əlavə edib.

    2024-cü il ərzində kiberhücümlarla bağlı bir sıra rəqəmləri açıqlayan Tural Məmmədov deyib ki, ötən il dövlət qurumlarına verilən “AzStatenet” şəbəkəsi üzərindən 814 milyondan çox zərərli keçid bloklanıb: “Eyni zamanda mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə 4 milyondan çox elektron fayl, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 mindən çox elektron faylın tərkibində zərərverici aşkarlanaraq bloklanıb. Planlanmış kibertəhdidlərin qarşısının alınması istiqamətində 2024-cü ildə ümumilikdə 1069-dan çox kiberhücum indikatoru tərəfimizdən müəyyənləşdirilib və bloklanması həyatı keçirilib. Bunlardan 520-si dövlət qurumları tərəfindən daxil olan insidentlərin araşdırılması nəticəsində, 550-si isə daxili araşdırma nəticəsində aşkarlanmış indikatorlar olub”

    ***

    11:23

    Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” keçirilir.

    Tədbirin açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib ki, XRİTDX tərəfindən 2023-cü ildən yaradılan bu platformada dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərləri hər il toplaşaraq sahə üzrə problemləri müzakirə etməklə yanaşı yeni imkanları və ideyaları bölüşürlər.

    “Bildiyiniz kimi, ötən il ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin yüksək səviyyədə təşkil olunmasında, prezident və parlament seçkiləri kimi iki mötəbər tədbirin informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında, xidmətimizin əməkdaşları ilə birgə tədbirdə iştirak edən əksər informasiya təhlükəsizliyi rəhbərlərinin də mühüm rolu olub. Bununla yanaşı, ötən il, kritik informasiya infrastrukturunun siyahısının təsdiq edilməsi və dövlət informasiya ehtiyatları mühafizəsi üçün yeni normativ hüququ bazanın hazırlanması kimi mühüm addımlar atılıb”, - deyə A.İsmayılov əlavə edib.

    Allahverən İsmayılov qeyd edib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üçün 2025-ci il ən əhəmiyyətli illərdən hesab edilir: “Məhz bu il, strategiyanın əsas bəndlərinin icrasının başa çatması və ya son mərhələdə olması bu sahədə görülən işlər və əldə olunan nəticələrin mühüm olmasını göstərir”, - deyə A.İsmayılov vurğulayıb.