BLOQ

Drina korpüsü FOTO

Körpü Bosniya ilə Serbiyanın sərhədində yerləşən Vışeqrad şəhərindədir

Drina korpüsü FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bir neçə həftə əvvəl Nobel mükafatı laureatı, məşhur Yuqoslav yazıçısı İvo Andriçin “Drina korpüsü” romanını oxumuşdum. Son illərdə oxuduğum ən gözəl və müdrik bədii əsər idi. Bu gün həyat yoldaşımla çox təsirləndiyim 450 yaşlı cansız ədəbi qəhrəmana - Drina körpüsünə tamaşa etmək üçün Bosniya ilə Serbiyanın sərhədində yerləşən Vışeqrad şəhərinə getdik.

    Sarayevo ilə Vışeqradın arası 115 km.-dir. Amma məsafəni qət etmək üçün azı iki saat lazımdır. Təktərəfli hərəkət, çoxsaylı serpantinlər, tunellər... Sükan arxasında keçən iki gərgin saatdan sonra birdən-birə gözlərimiz önündə möcüzə açıldı.

    Körpü 1571-1576-cı illərdə Osmanlı sədrəzəmi Sokollu Mehmet Paşanın istəyi ilə Memar Sinan tərəfindən inşa olunub.


    Mehmet Paşa (1506-1579) Vışeqrad yaxınlığında, ortodoks xristian ailəsində doğulmuşdu. 10-12 yaşı olanda İstanbula aparılıb yeniçəri alayına verilmişdi. Ağlı, bacarığı sayəsində Osmanlı imperatorluğunun sədrəzəmi (1565) mövqeyinə yüksəlmiş və həyatına sui-qəsdlə son qoyulana qədər bu yüksək postu tutmuşdu. Uşaq vaxtı dəfələrlə bərə ilə qarşı sahilə keçdiyi Drina üzərindən möhtəşəm körpü saldırmaqla kiçik vətəninə xidmət göstərmişdi. YUNESKO-nun irs siahısına daxil olan Drina körpüsü indi bütün şəhəri maddi baxımdan dolandırır- desəm, yəqin ki, yalan olmazdı...

    Qoca Sinanın memar zəkasının məhsulu olan möcüzəvi körpüyə dünya şöhrətini İvo Andriçin qələmi qazandırıb.

    Körpünün üzərində gəzdikcə onun qəhrəmanlarını göz önündə canlandırıdıq. Bax, gəlin köçən gözəl Fatimə burada özünü çaya ataraq sevgisiz keçəcək həyatına bəri başdan son qoyub. Ali Xoca bu yolla evinə qalxanda ürəyi dayanıb. Daş xan (karvansara) burada yerləşib...Onun yerində tikilən Zabitlər klubunu, ticarət sıralarını da sanki gözümüzlə görürük və daha nələri.

    Mətbuatdan romanın Azərbaycan dilinə tərcümə olunduğunu öyrəndim. Tanış olmadığımdan tərcümənin səviyyəsi haqqında bir şey deyə bilmərəm. Amma oxusanız həqiqi zövq alacaq, sanki böyük bir həyat məktəbi keçmiş olacaqsınız...