XƏBƏRLƏR / İctimaiyyət

Dünya çempionatı: İki yunan-Roma güləşçimiz finalda

Qazaxıstanda güləş üzrə dünya çempionatına bu gün start verilib YENİLƏNİB

Dünya çempionatı: İki yunan-Roma güləşçimiz finalda
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 20:59

    Astanada yunan-Roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatı keçirilir. 135 ölkədən 900-ə yaxın idmançının qatıldığı yarış oktyabrın 24-dən noyabrın 1-dək “Barıs Arena” idman kompleksində təşkil olunub.

    Doqquz gün ərzində idmançılar güləşin 3 növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. Astana 2019-cu ildən sonra ikinci dəfə güləş üzrə dünya çempionatına ev sahibliyi edir.

    Yarışların ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov dünya çempionatının finalına yüksəliblər.

    55 kiloqram çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli yarımfinalda ötən ilin dünya çempionu olan Gürcüstan təmsilçisinə qalib gəlib. Bununla da Azərbaycan güləşçisi karyerasında beşinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb.

    77 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov isə 3 illik fasilədən sonra yenidən dünya çempionatının finalına yüksəlib. O, yarımfinal görüşündə İran güləşçisinə qalib gəlib. Bu, Sənan Süleymanovun böyüklər arasında dünya çempionatlarında üçüncü finalı olacaq.F

    Final görüşləri oktyabrın 25-də yarışların axşam proqramında keçiriləcək. Eldəniz Əzizli ötən il dünya çempionatının yarımfinalında məğlub olduğu İran təmsilçisi ilə qarşılaşacaq. Sənan Süleymanov isə qızıl medal uğrunda Moldova güləşçisi ilə mübarizə aparacaq.

    Azərbaycanın daha iki güləşçisi – Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) dörddəbir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar. Rəqibləri finala yüksələ bilmədiyi üçün təmsilçilərimiz təsəlliverici görüşlərdə iştirak etmək imkanını da itiriblər.

    Oktyabrın 25-də Azərbaycanın daha üç təmsilçisi – Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq) və ikiqat dünya çempionu Ülvü Qənizadə (72 kq) mübarizəyə qoşulacaq. Oktyabrın 26-da isə Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (63 kq) və İslam Abbasov (87 kq) dünya çempionatında ilk görüşlərinə çıxacaqlar.

     ***

    10:17

    Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatına bu gün start veriləcək.

    Yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

    Azərbaycanın dörd təmsilçisi bu gün xalça üzərinə çıxacaq.

    4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq)

    Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.