Dünya liderləri Qahirə sülh sammitində iştirak edir
Bu barədə "Əl-Cəzirə" xəbər verir
Ondan çox ölkənin lideri və yüksək vəzifəli şəxsləri Misirin paytaxtı Qahirədə daha da genişlənməsi ehtimalı olan Yaxın Şərq münaqişəsi ilə bağlı artan qorxular fonunda İsrail-Həmas müharibəsini dayandırmaq yollarını müzakirə etmək üçün toplaşıblar.
"Əl-Cəzirə" xəbər verir ki, bu gün Qahirədə keçirilən sülh konfransında İordaniya, Fransa, Almaniya, Rusiya, Çin, Böyük Britaniya, ABŞ, Qətər və Cənubi Afrika kimi ölkələrin yüksək səviyyəli təmsilçiləri, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı rəsmiləri iştirak edirlər.
Açılış nitqində Misir Prezidenti Əbdülfəttah əs-Sisi liderləri Qəzza zolağında humanitar fəlakətə son qoymaq və İsraillə Fələstin arasında sülhə gedən yolu canlandırmaq üçün yol xəritəsi üzrə razılığa gəlməyə çağırıb.
Onun sözlərinə görə, yol xəritəsinin məqsədləri arasında Qəzzaya yardımın çatdırılması və atəşkəsin razılaşdırılması, ardınca isə iki dövlətli həllə aparan danışıqlar daxildir.
İordaniya kralı Abdullah sammitdə çıxış edərək, "Bütün mülki insanların həyatı vacibdir" deyə vurğulayıb.
“Biz danışarkən Qəzzada davam edən amansız bombalama kampaniyası bütün səviyyələrdə qəddar və vicdansızdır. Bu, mühasirəyə alınmış və köməksiz bir xalqın kollektiv cəzalanmasıdır. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu, müharibə cinayətidir. Başqa yerdə mülki infrastruktura hücum və bütöv əhalini qəsdən ərzaq, su, elektrik enerjisi və əsas tələbat malları ilə aclıqdan öldürmək baş versə idi bu, pislənəcəkdi. Bunu törədənlər üçün məsuliyyət tətbiq ediləcəkdi, lakin Qəzzada yox”, - o əlavə edib.
Fələstin Prezidenti Mahmud Abbas sammitdə çıxış edərək humanitar dəhlizlərin açılmasını istəyib.
Qeyd olunub ki, İsrail tərəfdən heç bir rəsminin iştirak etməməsi sammitin nəticələri ilə bağlı gözləntiləri azaldır.