İlf və Petrov "12 stul" romanında dünyanın ən məşhur şahmat layihələrindən birini təsvir etmişdilər.
Yadınızdadırsa, Ostap Bender ucqar "Yeni Vasuki" kəndinin sakinlərinə elə bir şahmat gələcəyi vəd edirdi ki, guya bir neçə ildən sonra bütün dünya oraya axışacaq, dünya çempionları gələcək, hotellər tikiləcək, hava limanı açılacaq, beynəlxalq şöhrət gələcək...
Kəndlilər isə inanırdılar. Çünki insanlar sonluğu yaxşı qurtaran nağılları həmişə sevirlər. Problem yalnız onda idi ki, Ostap özü bu nağıla inanmırdı. Bu, sadəcə dahi dələduzun növbəti kombinasiyası idi.
MƏHSULDAR DEBÜT İDEYASI
Amma həyatın maraqlı xüsusiyyəti var. Bəzən ədəbiyyatın zarafat etdiyi şeyləri tale ciddi şəkildə həyata keçirir. Şəkidə məhz belə oldu. Əlbəttə, hələ beynəlxalq hava limanı niyəsə Şəkidə deyil, Fizulidədir, amma Beynəlxalq Şahmat Turniri artıq ikinci ildir qədim Nuxada keçirilir.
Bəli, hələ bütün dünya Şəkiyə yalnız "fil" gedişinə baxmaq üçün gəlmir, amma "Sheki Open 2026" göstərdi ki, bir şəhərin böyük olması üçün onun milyonlarla əhalisi yox, cəsur ürəyi və ağlasığmaz ideyaları olmalıdır.
HƏR KƏS ÖZ LÖVHƏSİ İLƏ GƏLİR
Belə də oldu. Bu il Şəkidə keçirilən beynəlxalq şahmat festivalı şəhərə 400-dən çox şahmatçı, müxtəlif ölkələrdən qonaqlar, tanınmış qrossmeysterlər və onların azarkeşlərini gətirdi. Hotellər doldu, restoranlar canlandı, qədim küçələr yenidən insan səsi ilə nəfəs aldı. Belə ki, şahmat taxtasında hərəkət edən fiqurlar əslində bütün Şəkinin iqtisadiyyatını da hərəkətə gətirirdi.
Şahmat maraqlı oyundur və diqər idman növlərindən tam fərqlənir. Burada heç kim nə at oynatmır, nə də top atmır. Baxmayaraq ki, şahmat ciddi şəkildə müstəqil düşüncəni inkişaf etdirir, Şəkidə onu hələ də təşviq edirlər. Bu nöqteyi-nəzərdən şahmat çox unikal qaydaları olan artıq dərəcədə təhlükəli bir oyundur və idmandan daha çox siyasətə bənzəyir. Burada hər bir "xod" gözləniləndir - həm "piyada" epid kompleksi ilə silahlanıb "Şah"ı yıxıb şahzadə ilə əbədi taxtda qalmaqla hamını mat edə bilər, həm də "Şah" balaca bir "piyada"nı udmaqla öz imperator eqosunu tumarlaya bilər. Şahmatda ən maraqlısı isə odur ki, hərdən oyunçular fiqurları deyil, əksinə, fiqurlar oyunçunu oynada bilər.
160 LÖVHƏDƏ EYNİ VAXTDA ŞAHMAT NÜMAYİŞİ...
Mən festivalın açılışında çıxış edərkən dedim ki, bütün idman növlərinin kökündə şahmat dayanır, elə çoxlarının sevdiyi futbolda da. Sadəcə, fütbol meydanında hərəkət edən fiqurları heç kim idarə etmir, amma Şəki Festivalının idarə edilməsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezidenti Faiq Həsənov, yarışın təşkilatçısı Təbriz İdrisov, "ANS" və "VMF" holdinqlərinin təsisçisi, bəndəniz Vahid Mustafayev və xüsusi təşəkkürlərə layiq olan ev yiyəsi, Regional otellər şəbəkəsinin baş idarəçisi İlqar Qasımov və "Marxal" hotelinin direktoru Kamal Abdullayev və digər hörmətli şahmatsevərlər iştirak edirdilər.
Və sözsüz ki, ən vacib olan iştirakçılar məhz oyunçuların özləri oldu. Onlar can deyib can eşidən təşkilatçılardan fərqli olaraq bir-biri ilə şiddətli döyüşlərdə qarşılaşdılar. Və qalib olaraq A qrupunda birinci yerə qrossmeyster Vüqar Rəsulov, ikinci yerə Murad İbrahimli və üçüncü yerə İslam Hacılıyev layiq görüldü.
Rapid və blits yarışlarının, eləcə də B və C qruplarının qalibləri müxtəlif yaş və reytinq kateqoriyaları üzrə diplom, medal, pul mükafatları və ən əsası,"VMF" Saat Fabrikanin unikal dəqiqliyini əks etdirən "VMF" saatları ilə təltif olundular.
ŞAHMAT ÖLKƏNİ ZƏNGİNLƏŞDİRİR!
Lakin yarışın ən böyük qalibi yenə də Şəki oldu. Çünki müasir dünyada şəhərlər artıq yalnız zavodlarla rəqabət aparmır, festivalla da yarışırlar, muzeylə də, universitetlə də, teatrla da, konsertlə də, şahmatla da. Hətta restoran və kafelərlə də...
Bu gün turizm təkcə qədim divarları göstərmək deyil. Məhz bu Şəhərə gəlməyə səbəb verməkdir. Bizim zəmanədə insanlara "gəlin" və "pullarınızı xərcləyin" demək kifayət etmir. Onlara "niyə gəlməlisiniz?" sualının cavabını vermək lazımdır. "Sheki Open 2026 Şahmat Çempionatı" bu cavablardan biridir.
Mən xüsusilə bir məqamı qeyd etmək istəyirəm. Belə tədbirlər yalnız təşkilatçıların hesabına başa gəlmir. Onlar sponsorların hesabına da yaşayırlar. "VMF" üçün bu sponsorluq reklamdan daha çox, şəhərə qoyulan investisiyadır. Çünki inkişaf etmiş şəhərdə biznes də inkişaf edir. Şəhər qazandıqca sahibkar da qazanır. Bu, şahmat dilində desək, qarşılıqlı faydalı kombinasiyadır.
İlf və Petrov bu gün yaşasaydılar, yəqin ki, "Yeni Vasuki" fəslini bir az fərqli yazardılar. Ostap Bender bu dəfə yəqin deyərdi:
— Dünya şahmatının paytaxtı olacaq şəhərin adını dəyişmək lazımdır - artıq Şəki - yeni Bakı, Bakı isə köhnə Şəki olacaq...
Nakam Ostap Bender bu ideyanı sadəcə satmaq istəyirdi, Şəki isə onu satmır, yaşayır və qazanır!
5 dəqiqə