Heydər Əliyev - 101 yaşını Özbəkistan da keçirdi (VİDEO)

Özbəkistan yeganə ölkədir ki, bu günə qədər Ermənistan səfirliyinin açılmasına izn verməyib

  • Oxuma müddəti:

    3 dəqiqə

  • Hər şey Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn müəllim Quliyevin kabinetində başladı - bizim Səfirlik, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabrikinin rəhbərliyi Heydər Əliyevlə sağlığında yaxından tanış olduqları və ona dərin hörmət bəslədiyindən Ümummilli Liderin 101 illiyini Daşkənddə təntənəli surətdə keçirilməsiniə qərar verdi.

    Dostlarım soruşacaq ki, niyə məhz Özbəkistanda? Ona görə ki, Özbəkistan Dostlarımız arasında yeganə ölkədir ki, bu günə qədər Ermənistan səfirliyinin açılmasına izn verməyib. Buna səbəb keçmiş prezidentlər İslam Kərimovla Heydər Əliyevin münasibətləri, indiki prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyevin həmin münasibətləri möhkəm dostluq səviyyəsinə qaldırması və hər iki Xalqın qardaşlıq münasibətləridir.

    Əsrlərdir biz Azərbaycanlılar "Buxara papağı" (Buxara Özbəkistanın qədim şəhərlərindən birinin adıdır) ifadəsini işlədirik, özbək qardaşlarımız tar, kamança və digər müsiqi alətlərindən istifadə edirlər. 

    Təşkilatçıların peşəkar olmasına baxmayaraq, biz yenə də çox nigaran idik. Axı biz Azərbaycanın Ümummilli Liderinin ad gününü qardaş dövlətdə keçiririk. Lakin, Allahın köməyi ilə, 10 May günü üçün təşkil olunmuş bütün tədbirlər yüksək səviyyədə keçdi! Səfirlik tədbirlərə 10a yaxın dost ölkələrin səfirləri və Özbəkistan Respublikasının yüksək vəzifəli şəxslərini dəvət etmişdi, biz isə ölkənin mədəniyyət və biznes sahəsinin aparıcı simalarını qonaq etmişdik. Nəticə olaraq, hamı çox razı qaldı və Heydər Əliyevə rəhmət oxudular.
     
    Axşamkı tədbirimiz Özbəkistanın Dövlət Konservatoriyasında keçdi. Burada Moskvadan dəvət etdiyim dostum, beynəlxalq festivalların qalibi, virtuoz pianoçu Nikolay Kuznetsov F.Şopen, P.Çaykovski və M.Musorqskinin əsərlərini yüksək performansla ifa etməklə yüzlərlə qonağımızı fövqəladə halda təəccübləndirdi. Sonda dayanmadan "Bis" tələb edən tamaşaçıların qarşısına üçüncü dəfə qayıdan Nikolay Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun kompozisiyasını ifa etməklə Heydər Əliyevin və bütün toplaşanların ruhunu şad etdi.

    Fürsətdən istifadə edərək, başda əzizim cənab səfir Hüseyn Quliyev olmaqla, hər bir işdə əlimizdən möhkəm tutan konsulumuz İlqar İbrahimov, daim yanımızda olan səfirliyimizin digər rəhbər şəxsləri - Mahir Cəfərov, Samir Əfəndiyev, Aydın Rəhimov, Samir Abbasov, Vüqar Məmmədova candan gələn təşəkkürümü bildirirəm. Eyni zamanda, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və VMF Saat Fabrikinin Azərbaycanda və Özbəkistanda fəaliyyət göstərən rəhbər vəzifəli şəxsləri - Seyfulla Mustafayev, Orxan Məmmədov, Müsafir müəllim, Şahista və Rəhmətulla Əzimovlara dərin minnətdarlığımı çatdırıram. Allah Sizə yar olsun!

    101 yaşın mübarək, əziz Heydər müəllim, Allah sənə rəhmət eləsin!