BLOQ

Dünyanın bir çox güşələrində yatan Azərbaycan aydınları

Tiflisdən yazıram

Dünyanın bir çox güşələrində yatan Azərbaycan aydınları
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Novruz bayramında valideynlərin qəbrini ziyarət etmək gözəl adətlərimizdən biridir.

    Biz də, ailə olaraq, bu bayram günündə Azərbaycan Respublikasının valideynlərindən olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin qəbirlərini ziyarət etdik.

    Bu məzarları, yerini təqribi bilsək də, tapmaq asan deyildi. Tiflisə çatandan sonra Şeytan Bazar meydanından üzüyuxarı, "Botanika bağı"na qalxdıq, oradan da 2 km yuxarı, dikinə yürüş etdik.

    Fətəli bəylə Həsən bəyin qəbirləri Mirzə Fətəli Axundovun ailə məzarlarının yanında, keçmişdə "Gorxana" adı ilə tanınan müsəlman qəbiristanlığında yerləşir. Düşünürəm, həmin təpə tamamilə müsəlman qəbiristanlığı olub, lakin indi yalnız 10-12 məzar qalıb.

    Bu məzarları burada, yad torpaqlarda qoruyub saxlayanlara Allahdan min savab və rəhmət arzulayıram!
    1959-cu ildə qəbiristanlığa baş çəkən ədəbiyyatşünas alim Vaqif Arzumanlının sözlərinə görə, Azərbaycan xadimlərinin bir çoxunun məzarı burada yerləşirdi. Adı çəkilən şəxslərdən başqa qəbiristanlıqda general Abdulla ağa Bakıxanov, Məmmədhəsən Hacınski, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, üstəlik Mirzə Fətəli Axundovun ailə üzvləri, onun xanımı Tuba xanım, oğlu Adil bəy və qızı Seyra, xanımının qardaş və bacıları və Mirzə Şəfi Vazehin xanımı və minlərlə görkəmli Azərbaycanlımız da burada son mənzilini tapmışdılar. Tiflisin 70 yaşlı sakini Fəridə Abdulayevanın xatirələrinə görə, qəbiristanlıq ərazisində kiçik məscid yerləşirdi, hansı ki, 1950-ci illərdə partladılmışdır. 1964-1965-ci illərdə dəfn edilmişlərin qohumlarına Sovet Gürcüstanı tərəfindən qəbirlərin köçürülməsi barədə xəbər verilmişdi, çünki qəbiristanlığın yerində "Botanika bağı" salmaq planlaşdırılırdı. 1970-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Tiflisə səfəri zamanı qəbiristanlıqda Mirzə Fətəli Axundovun qəbri abadlaşdırılır. 1996-cı ilin mart ayında isə artıq Azərbaycanın Prezidenti seçilən Heydər Əliyev Fətəli xan Xoyskinin qəbirüstü abidəsinin açılışını etdi.
    Azərbaycan Prezidenti Heydər Əliyev Tiflis Botanika bağında Fətəli xan Xoyskinin abidəsinin açılış mərasimində, 9 mart 1996-cı il

    Burada tanınmış şəxsiyyətlərin yalnız bir neçəsinin məzarı salamat qalmışdı və bu ərazi "Görkəmli Azərbaycanlılar panteonu" adını alaraq "Botanika bağı"nın hissəsinə çevrildi. Salamat qalmış məzarların ən qədimi 1852-ci ilin noyabrında vəfat edən şair və mütəfəkkir, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehə məxsusdur.
    Tiflis müsəlman qəbiristanlığında seyid qəbri üzərindəki türbə. 1900-cu il, Jozef de Bayın şəkli

    Maraqlı faktdır ki, Azərbaycanımızı yaradanlardan olan Fətəli xan Xoyski və Həsən bəy Ağayev 1920-ci ildə, 45 yaşlarında xain erməni terrorçuları Aram Erkonyan və Misak Qriqoryan cütlüyü gülləsindən eyni ildə şəhid olublar. Bu "Daşnaksütyun" erməni terrorçu partiyasının ADR Baş naziri Fətəli xanın Bakını erməni ordusundan təmizləməsinə görə qisası idi...

    Anlaya bilmirəm, dövlətimizi yaradan bu və digər aydınlarımızı ermənilər düşmən hesab edib öldürdülər, gürcülər onların qəbrlərini dağıtdılar, lakin Azərbaycan tarixinə incəliklə və mühafizəkarlıqla yanaşan Vaqif Arzumanlı, Heydər Əliyev və digərləri onların xatirələrini qoruyub saxladıqlarına baxmayaraq bugünkü Azərbaycanımızda onlara qarşı anlaşılmaz ittihamlar irəli sürülür. Bəli, hamının şəxsi fikiri ola bilər, amma milli dirçəliş və istiqlal banilərinə qarşı biz bir cəmiyyət olaraq daha da həssas və minnətdar olmalıyıq, qardaş Türkiyədə Atatürkün ruhuna olan ehtiram tək!

    Allah dünyanın bir çox güşələrində yatan Azərbaycanımızın aydınlarına rəhmət eləsin!