Ədliyyə Nazirliyi üzərlik bitkisi ilə bağlı xəbərdarlıq edib
Üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibində psixotrop maddələr var

Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artıb. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan edilmiş maddələr siyahısına daxildir.
Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparmaqdır.
Qeyd:
- Fransa - 2005-ci ildən üzərlik və onun tərkib maddələrinin satışı və saxlanması tamamilə qadağan edilib.
- Kanada - Bitkinin tərkibindəki alkaloidlər “Schedule III” maddələr siyahısına daxildir, bu səbəbdən satış və daşıma cinayət məsuliyyəti daşıyır.
- Avstraliya - Harmalin və harmin alkaloidləri yalnız elmi araşdırma məqsədilə istifadə oluna bilər.
- ABŞ-ın bəzi ştatları - Luiziana ştatında üzərlik və toxumları qadağandır, Arizona, Nevada, OreQon kimi ştatlarda isə bitki "invaziv alaq" kimi qeydə alınıb və məhdudiyyətlər tətbiq olunur.
- Finlandiya - Tibbi məqsədlə istifadə üçün həkim resepti tələb olunur.
- Rusiya – 2024-cü ilin əvvəlində "Peganum harmala" rəsmi olaraq psixotrop tərkibli bitkilər siyahısına salınıb və dövlət nəzarətinə götürülüb.