Əfqanıstan vətəndaşı ABŞ ın iki hərbçisini güllələyib
Hadisə Ağ Evin yaxınlığındakı parkda baş verib
ABŞ Milli Qvardiyasının iki əsgəri Ağ Evin yaxınlığında güllələnib.
Bu barədə ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem bildirib.
NBC-nin məlumatına görə, hadisə Ağ Evin yaxınlığındakı parkda baş verib.
ABŞ hüquq-mühafizə orqanları Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinin güllələnməsi ilə bağlı şübhəlinin kimliyini müəyyən edib.
Məlumata görə, şübhəli, 2021-ci ildə ABŞ-a daxil olan 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Laqanvaldır. Şübhəlinin saxlanıldığı və yaralandığı bildirilir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığındakı metro stansiyasının qarşısında Milli Qvardiyanın iki üzvünün güllələnməsini terror aktı adlandırıb. Hadisə ilə bağlı o, Şükranlıq bayramını qeyd etmək üçün getdiyi Florida ştatındakı iqamətgahından videomüraciət yayıb.
“Bu gecə ən dəqiq məlumata əsaslanaraq bildirə bilərəm ki, Daxili Təhlükəsizlik Departamenti həbsdə olan şübhəlinin Əfqanıstandan ölkəmizə daxil olan əcnəbi olduğuna əmindir. O, 2021-ci ilin sentyabr ayında Bayden administrasiyası tərəfindən hamının danışdığı o biabırçı uçuşlarla gətirilib”,- deyə Tramp bildirib. O, əvvəlki administrasiyanı bütün dünyadan 20 milyon naməlum və yoxlanılmamış əcnəbini ölkəyə buraxdığını bildirib.
“İndi Bayden dövründə Əfqanıstandan ölkəmizə daxil olan hər bir əcnəbini yenidən yoxlamalıyıq və buraya aid olmayan hər hansı bir əcnəbinin ölkədən çıxarılmasını təmin etmək və ya ölkəmizə fayda vermək üçün bütün lazımi tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz onları istəmirik”,-deyə qeyd edib.
1 dəqiqə