Əfqanıstan parlamentinin sabiq deputatı Mürsəl Nəbizadaya qarşı sui-qəsd olunub. Bu barədə BBC Əfqanıstan Polisinə istinadən məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı keçmiş millət vəkili paytaxt Kabil şəhərində yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Bu zaman onun mühafizəçisi və qardaşı da xəsarət alıb.
32 yaşlı Mürsəl Nəbizadə 2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan azsaylı qadın deputatlardan biri idi. Keçmiş həmkarları xanım Nəbizadəni ölkəni tərk etmək şansından imtina edən “Əfqanıstan üçün qorxmaz çempion” kimi tərifləyiblər.
Taliban 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra qadınlar ictimai həyatın demək olar ki, bütün sahələrindən uzaqlaşdırılıb.
Kabil polisinin sözçüsü Xalid Zadran təhlükəsizlik qüvvələrinin insidentlə bağlı ciddi araşdırmalara başladığını bildirib.
Keçmiş millət vəkili Mariam Solaimankhil deyib ki, xanım Nəbizadə “həqiqi qabaqcıl – güclü, açıq sözlü, hətta təhlükə qarşısında belə inandığı şeyin tərəfində dayanan qadın”.