XƏBƏRLƏR / İctimaiyyət

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olundu

Azərbaycanın ilk ombudsmanı 87 yaşında dünyasını dəyişib

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olundu
Elmira Süleymanova
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:52

    Azərbaycanın ilk Ombudsmanı (İnsan Hüquqları üzrə Müvəkkili) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub. Dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.

    Xatırladaq ki, E.Süleymanova aprelin 25-də 87 yaşında vəfat edib.

    Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. O, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub. E.Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

    ***

    15:15

    Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilib. Mərasim Təzəpir məscidində baş tutub.

    Vida mərasimində mərhumun yaxınları, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

    ***

    14:15

    Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

    O, 87 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

    O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.