Elton Con EGOT titulunu alıb
Bununla da o, Odri Hepbörn, Mel Bruks, Endryu Lloyd Uebber kimi şəxsiyyətlərin yanında yer alıb
Son dəfə “Emmy” mükafatına layiq görülən və bu mükafatın dördqat laureatları sırasına qoşulan, habelə “Grammy”, “Oscar” və “Tony” kimi nüfuzlu mükafatların sahibi olan musiqi əfsanəsi Elton Con qeyri-rəsmi EGOT titulunun daşıyıcısı olub. Qeyd etmək lazımdır ki, bu abreviaturanın fikirləşib tapıldığı 1984-cü ildən bəri onu daşıyanların siyahısında cəmi 18 nəfər yer alıb.
“Elton John Live: Farewell from Dodger Stadium” mahnısı Los-Ancelesdə keçirilən mükafatlandırma mərasimində “Ən yaxşı estrada konserti” nominasiyasının qalibi olub. Amma 76 yaşlı britaniyalı müğənni dizində aparılmış əməliyyat səbəbindən mükafatı şəxsən qəbul edə bilməyib.
Mərasimdə səhnəyə çıxan prodüser Ben Uinston mükafatı alarkən deyib: “Mən Elton Con deyiləm. Təəssüf ki, o, dizində əməliyyat keçirib. İndi səhhəti yaxşıdır, bu qeyri-adi mükafata görə Televiziya Akademiyasına öz sevgilərini və minnətdarlıq hisslərini ifadə edir. Bu şounun tarixi hadisə olacağını bilirdik, çünki “Disney”in ilk qlobal birbaşa canlı yayımı idi. Bu, həyatımızda saundtrek yaradan, cəmiyyət üçün xeyli iş görmüş və bizim qəhrəmanımız olan insanın qələbəsidir. Amma biz bu mükafatın ona EGOT gətirəcəyindən xəbərsiz idik”.
EGOT titulunu şou-biznesin “Böyük dəbilqəsi” adlandırırlar. Con onu əldə edən 19-cu incəsənət xadimidir və bununla da Odri Hepbörn, Mel Bruks, Endryu Lloyd Uebber kimi şəxsiyyətlərin yanında yer alıb. Ona qədər bu siyahını ötən il “Grammy” mükafatını qazanan Viola Devis qapadırdı.
“Emmy” mükafatı Elton Conun beş “Grammy”, iki “Oscar”, habelə “Aida” müziklində ən yaxşı orijinal musiqiyə görə “Tony” mükafatlarına əlavə olunub.