XƏBƏRLƏR / Qayıdış

Ən çətin minatəmizləmə əməliyyatları

ANAMA xəbər verir

Ən çətin minatəmizləmə əməliyyatları
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Keçmiş təmas xəttinə düşən ərazilər sadəcə xəritədə qeyd olunan təhlükəli zonalar deyil. Bu torpaqlar uzun illər müharibənin izlərini daşıyan, hər addımında mina təhlükəsi gizlənən ərazilərdir. Burada aparılan humanitar minatəmizləmə əməliyyatları yalnız texniki proses deyil, eyni zamanda, insanların doğma yurdlarına təhlükəsiz qayıdışı uğrunda aparılan həyati bir missiyadır.

    Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları da bu baxımdan ən çətin və məsuliyyətli proseslərdən biridir. Bu ərazidə məhz tankəleyhinə mina sahələrinin sıxlığı olduqca yüksəkdir. Lakin çətinliklər bununla da bitmir. Hündür bitki örtüyü minaları görünməz hala gətirir, gizli tələlərin aşkarlanmasını çətinləşdirir. Bununla yanaşı, mövsümlə əlaqədar əqrəblər, ilanlar və digər zəhərli sürünənlərin aktivliyi əhəmiyyətli dərəcədə artır. Bu isə humanitar minatəmizləmə əməliyyatları aparan qrupların fəaliyyəti üçün əlavə risklər yaradır. Xüsusilə otluq və daşlıq sahələrdə çalışan əməkdaşlar həm mina təhlükəsi, həm də zəhərli canlılarla qarşılaşma ehtimalı ilə üz-üzə qalırlar.

    Həmçinin vurğulanıb ki, minatəmizləmə əməliyyatları səssiz qəhrəmanlıq nümunəsidir. Çünki burada aparılan mübarizə görünməyən təhlükəyə qarşıdır. Bu təhlükənin aradan qaldırılması isə böyük səbir, peşəkarlıq və ağır zəhmət tələb edir.

    VİDEO