XƏBƏRLƏR / Elm və Texnologiya

Ərdoğan kosmosdakı ilk türk astronavtı Gezeravcı ilə danışdı

Türkiyə Prezidenti Beynəlxalq Kosmos Stansiyası ilə birbaşa bağlantı qurdu

Ərdoğan kosmosdakı ilk türk astronavtı Gezeravcı ilə danışdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Kosmos Stansiyasında ilk türk astronavtı Alper Gezeravcı ilə canlı bağlantı ilə görüşüb.

    Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

    R.T.Ərdoğan qeyd edib ki,Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən yetişdirilmiş pilot olaraq bu vəzifəyə ən uyğun namizəd Alper Gezeravcı idi.

    "Amma bu dəfə siz pilot olaraq çatdığınız hündürlükdən xeyli irəli getdiniz. Çətin bir səyahət yaşadınız. Bizim üçün çox dəyərlidir ki, bizim ilk insanlı kosmik missiyamız elm missiyasıdır. Beləliklə, türk alimləri elmi ədəbiyyata və araşdırmalara öz töhfələrini verəcəklər. Ümid edirəm ki, orada bir çox müxtəlif sahələrdə aparacağınız təcrübələr uğurla başa çatacaq", - deyə R.T.Ərdoğan əlavə edib.

    A.Gezeravcı isə hazırki vəziyyətindən bəhs edib.

    Kosmosa getdiyimiz ilk andan bədənimizdə bəzi açıq dəyişiklikləri dərhal hiss etməyə başladıq. Məsələn, burada normal olaraq bütün bədənimizə yayılmalı olan qan bədənimin yuxarı hissələrinə doğru toplanır. Təzyiq dəyişiklikləri səbəbindən görmə pozğunluqları baş verə bilər. Çox şükür, məndə hələlik bunlardan əsər-əlamət yoxdur. Xüsusi idman proqramlarına əməl edirəm. Burada bəzi təcrübələr keçirirəm və məlumat toplayıram - deyə o bildirib.

    Xatırladaq ki, Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı 19 yanvar Türkiyə saatı ilə 02:11-də Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.