Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü başa çatıb.
Bu barədə TRT Haber məlumat yayıb.
Görüş zamanı iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.
Görüş təxminən 2,5 saat davam edib.
Liderlərin təkbətək görüşü ilə yanaşı nümayəndə heyətləri arasında da görüş keçirilib.
Türkiyə Prezidenti Ərdoğan:
Ukrayna NATO üzvlüyünə layiqdir.
Baş verənlərə baxmayaraq, Türkiyə ilə Ukrayna arasında dostluq hər cəhətdən güclənib.
Müharibənin beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə başa çatdırılması üçün ən sıx səy göstərən ölkə olduq.
Biz Ukraynanın yenidən qurulması üçün hər cür dəstəyi verəcəyik.
(Qara Dəniz Taxıl Dəhlizi) Ümid edirəm ki, iyulun 17-də başa çatacaq müddət yenidən uzadılacaq.
Məhbus mübadiləsi ilə bağlı biz Ukrayna tərəfdən, cənab Prezident, eşitdik. Biz Rusiya tərəfi ilə də danışıqlar aparırıq.
Ukrayna Prezidenti Zelenski:
Ölkəmiz və xalqlarımız üçün sülh istəyən hər kəsə təşəkkür etmək üçün buradayam.
Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyinə görə minnətdaram.
Qara dəniz taxıl təşəbbüsünə və Ukraynanın taxıl təşəbbüsünə verdiyiniz dəstəyə görə minnətdaram.
Biz sülh planını həyata keçirmək istəyirik. Bu baxımdan Türkiyə liderliyi öz üzərinə götürməyə hazırdır.