XƏBƏRLƏR / Qonşular

Ərdoğan İlham Əliyevə təşəkkür etdi VİDEO

Türkiyə Prezidenti Lefkoşaya bayram tədbirlərinə gəlib YENİLƏNİR

Ərdoğan İlham Əliyevə təşəkkür etdi VİDEO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:33

    Kipr probleminin həlli yalnız bölünmüş adada iki dövlətin mövcudluğu faktının tanınması ilə mümkündür.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşada çıxışı zamanı deyib.

    “Kipr probleminin federativ qaydada həllinə inanmırıq. Uzun illər əvvəl İsveçrədə qaldığımız yerdən danışıqları davam etdirməyin heç kimə faydası olmayacaq”, - o bildirib.

    Ərdoğan vurğulayıb ki, məsələnin həlli üçün Kiprdə münaqişə tərəfləri danışıqlar masası arxasına oturmalı və bütün məsələlərdə bərabər hüquqlara malik olmalıdırlar. Onun sözlərinə görə, sabit həll yalnız iki dövlətin tanınması əsasında mümkündür.

    “Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində göstərdiyimiz səylərin bir nümunəsi onun Prezidenti Ersin Tatarın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirakı oldu. Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə qətiyyətli liderliyinə görə bir daha təşəkkür etmək istəyirəm”, - Ərdoğan əlavə edib.

    ***

    13:25

    Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının 50-ci ildönümü münasibətilə ŞKTC-nin paytaxtı Lefkoşada parad keçirilir.

    VİDEO

    ***

    12:07

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının 50-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etmək üçün iyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşaya səfər edib.

    Ercan Hava Limanında Türkiyə liderini ŞKTC-nin Prezidenti Ersin Tatar qarşılayıb.

    Təntənəli tədbirlər proqramı çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı “TGC Anadolu”nun rəhbərliyi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus 50 gəmidən ibarət qrup ŞKTC sahillərinə yanaşıb.

    Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin, həmçinin “Türk Ulduzları” və SOLOTÜRK pilotaj qruplarının nümayişləri planlaşdırılır.

    Türk qoşunlarının Kiprə çıxışının 50 illiyi şərəfinə 50 artilleriya atəşi açılacaq.

    Qeyd edək ki, təntənəli tədbirlərin iştirakçıları arasında Azərbaycanın deputatlarından ibarət qrup da yer alıb.