Ermənilərin ekoaksiya ilə bağlı vəsatəti ləğv edilib
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib
Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Bunlardan biri dekabrın 12-də Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı idi. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə bildirib.
“İddia ondan ibarət idi ki, bu aksiya saxtadır və iştirakçılar guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda, biz tərəfdən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto-video sübutlar məhkəməyə təqdim edilib. Dünən açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib”, - deyə nazir müavini diqqətə çatdırıb.