XƏBƏRLƏR / Məhkəmə

Ermənilərin məhkəməsi keçirilib YENİLƏNİB

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

Ermənilərin məhkəməsi keçirilib YENİLƏNİB
Levon Mnatsakanyan
  • Oxuma müddəti:

    20 dəqiqə

  • 21:30

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 22-də davam etdirilib.

    Bakı Məhkəmə Kompleksində Hərbi Məhkəmənin hakimləri Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmədə təqsirləndirilən şəxs Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.

    Videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Digər əsas məsələ isə təşkilatçılıq idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, partiya 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda, həmçinin digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.

    Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: “Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.

    Televiziyaya verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verən D.İşxanyan videomaterialda Qarabağın Ermənistana birləşdirilməsi barədə söylədiyi fikirləri “Daşnaksütyun”un deyil, “deputat” olaraq qondarma rejimin “parlament”inin fikirləri kimi səsləndirdiyini deyib.

    Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın Azərbaycan ərazilərinin işğalının hansı zərurətdən irəli gəlməsinə dair sualına cavab verməkdən yayınıb.

    Məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.

    Videomaterialda göstərilir ki, görüşdə çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.

    O, qondarma qurum ilə Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.

    Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: “Dağlıq Qarabağ respublikası” beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".

    L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.

    Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini deyib.

    Həmin görüşü “taleyüklü məsələ” adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb. Bildirib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun “deputatı” olub.

    A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan “vəzifəsindən” istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Köçəryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.

    Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatanadək Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü”.

    Daha sonra dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyana Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov tərəfindən Şuşanın işğalı, işğalda iştirak edən şəxslərlə bağlı suallar ünvanlanıb.

    L.Mnatsakanyan suallara cavabında Şuşanın işğalında iştirak edən Aşot Qulyanı tanıdığını, lakin onunla xidmət etmədiyini deyib.

    Məhkəmədə L.Mnatsakanyanın da olduğu qondarma qurumun vəzifəli şəxslərinin müsahibə verdiyi videomaterial nümayiş etdirilib.

    Videomaterialda L.Mnatsakanyan deyir: “Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində - Şuşa qalası istiqamətində fəaliyyət göstərirdi və bölük ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi.

    Ardınca dövlət ittihamçılarının sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.

    Təqsirləndirilən şəxs bildirib ki, 1993-1994-cü illərdə onların əsas istiqamətləri Ağdərə, Ağdam, Cəbrayıl və Füzuli olub.

    Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

    ***

    19:28

    Bu gün Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın da iştirak etməsi etirafını əks etdirən videomaterial nümayiş olunub.

    Videomaterialda L.Mnatsakanyan deyir: “Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində fəaliyyət göstərirdi - Şuşa qalası istiqamətində. Bizim bölüyümüz onların bölüyü ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi”.

    Dövlət ittihamını müdafiə edən prokurorların videomaterial barədə sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 23-də davam etdiriləcək.

    ***

    16:52

    Bu gün Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrsoyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.

    Videomaterialda çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.

    O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.

    Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: “Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".

    L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.

    Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü taleyüklü məsələ adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun deputatı idi.

    A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Koçaryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.

    Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

    ***

    15:50

    Bu gün Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.

    Videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan "Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, “Daşnaksütyun” partiyası 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.

    Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: “Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol – sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.

    Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən D.İşxanyan videomaterialda “Daşnaksütyun”un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

    ***

    14:32

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə zərərçəkənlər ifadə verib.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.