XƏBƏRLƏR / Məhkəmə

Ermənilərin məhkəməsi keçirilir YENİLƏNİB

Azərbaycan İstilik Elektrik Stansiyasının Ermənistan silahlı qüvvələri tərəfindən “Smerç” raketləri ilə hədəf alınmasına dair sənədlər məhkəmədə tədqiq olunub

Ermənilərin məhkəməsi keçirilir YENİLƏNİB
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 19:38

    Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Şamama Quliyeva ifadəsində Ağdam rayonunun Bənövşələr qəsəbəsində 2020-ci il oktyabrın 19-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində özünün, qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov, həmin vaxt AZTV-də çalışıb – red.) yaralandığını deyib.

    O, hadisə zamanı evinə də zərər dəydiyini bildirib.

    Şamama Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: “Müharibəni mülki şəxslərlə qarşı apararlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 5-də davam etdiriləcək.

    ***

    15:04


    Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının mülki infrastrukturuna ziyan vurulması, mülki şəxslərin öldürülməsi ilə bağlı hadisə yerinə baxış protokolları və ekspert rəyləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin iştirakı ilə tədqiq edilib.

    Sənədlərdən bir qismi Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə olub.

    Tədqiq edilən sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən Azərbaycan Respublikasının 4-cü ən böyük şəhəri olan Mingəçevir şəhəri, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisini ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.

    Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi 60 ünvanında yerləşən, 21.08.1984-cü il təvəllüdlü Bağırov Elçin Yaqub oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb. Nəticədə evə, onun “Hundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş, Ağdam rayonu, Evoğlu kənd sakini, 13.10.1958-ci il təvəllüdlü qohumu Səfərov Atamoğlan Sabir oğluna məxsus “Kamaz 55111” markalı yük avtomobilinə ziyan vurulub. Habelə Bağırov Elçin Yaqub oğlu, 10.09.1957-ci il təvəllüdlü anası Bağırova Nabat Çərkəz qızı, qohumu Səfərov Atamoğlan Sabir oğlu, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 02.09.2004-cü il təvəllüdlü İbrahimli Adil Müşviq oğlu bədən xəsarətləri alıblar.

    Qeyd olunan partlayışın təsirindən raketin düşdüyü yerdə torpaq üzərində çala əmələ gəlib. Yük avtomobilinin dəmir konstruksiyalı yük yeri avtomobildən qoparaq təxminən 8 metr aralıdan keçən su kanalına düşüb. Müəyyən edilib ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2 min 800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5 min 300 metrdir.

    “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Azdres qəsəbəsində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6 və 7-ci enerji bloklarının arasındakı boş sahəyə düşərək asfalt örtüyü dəlib 40 santimetr dərinliyində yerə batıb və xoşbəxtlikdən partlamayıb. Raketin düşdüyü yerdən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6-cı enerji blokunun giriş qapısınadək məsafə 19 metr, 7-ci enerji blokunun giriş qapısınadək məsafə isə 29 metrdir.

    Həmçinin müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-dən sonrakı günlərdə də Mingəçevir şəhərini qəsdən hədəfə alaraq həmin istiqamətdə raket mərmiləri atıb. Belə ki, oktyabrın 11-də saat 05 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yerləşdiyi ərazi yenidən hədəf seçilib və atılmış raket MMC-nin inzibati binasının həyətyanı sahəsindəki parkın ərazisində çəmənlik sahəyə düşüb. Xoşbəxtlikdən partlamadığı üçün həlak olan və ya xəsarət alan olmayıb.

    Hadisələrin baş verdiyi yerin ətraf ərazilərində hər hansı hərbi obyekt yoxdur.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

     ***

    11:51

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə Gəncənin bombalanması epizodu üzrə dinləmələr keçirilib.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.