Ermənistan Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir
Bunu hərbi ekspert Şair Ramaldanov deyib
Ermənistan mütəmadi olaraq şərti sərhəddə atəşkəsi pozur və təxribata əl atır. Bu proses Tovuz, Naxçıvan, Kəlbəcər, Laçın və digər istiqamətlərdə müəyyən müddətdir davam edir.
Bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
O, Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf olmamadığını deyir: “Ermənistan müxtəlif dövlətlərin təzyiqləri altında sülh müqaviləsinin imzalanmasından yayınmaqla Azərbaycanla şərti sərhəddə atəşkəsin pozulması üçün zəmin yaradır. Əgər belə olmasaydı, artıq sülh sazişi bağlanardı, müqavilə imzalanmırsa, müharibə şəraitində də istər təxribatlar, istərsə də atəşkəsin pozulmasını normal vəziyyət hesab etmək olar.
Ermənistan sülh müqaviləsinin imzalanmasından yayınmaqla Azərbaycanla sərhəddə atəşkəsin pozulması üçün zəmin yaradır
Ona görə də düşünürəm ki, burada Ermənistanın niyyəti məlumdur. Xüsusən də həm müəyyən beynəlxalq səviyyəli danışıqlar ərəfəsində, həm də Azərbaycanda hər hansı tədbirin keçirilməsi zamanı atəşkəsin pozulması halları baş verir. Əgər biz torpaqlarımızın Ermənistan ordusu tərəfindən işğalı dövrünü xatırlasaq, danışıqlar dövründə ya atəşkəs pozulur ya da ki, hər hansı təxribat törədilirdi”.
Hərbi ekspertin sözlərinə görə, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilən görüş regionda sabitliyə xidmət etmir: “Biz bilirik ki, ABŞ və Avropa İttifaqının bəzi ölkələri Cənubi Qafqaz regionunda öz maraqlarını təmin etmək üçün fəallaşıblar. Onların məqsədlərindən biri Rusiyanın regionda maraqlarını məhdudlaşdırmaqdır. Bu da iki güc mərkəzinin bölgədə maraqlarının toqquşması deməkdir. Bu halda isə Azərbaycan və Ermənistanın müharibə şəraitində olması vəziyyətindən istifadə olunur. Yəni Azərbaycan-Ermənistan şərti sərhədində düşmən tərəfin mütəmadi atəşkəsi pozması, yaxud müəyyən təxribatlar törətməsi beynəlxalq təşkilatların aktivləşməsinə səbəb olur və onların nəzərləri Cənubi Qafqaz regionuna yönəlir. Sonra həmin təşkilatlar tərəfindən onları idarə edən Avropa İttifaqının və ABŞ-ın maraqlarına uyğun müəyyən qətnamələr qəbul olunur. Beləliklə o qətnamələrin əsasında Cənubi Qafqaz regionundan kənar qüvvələrin və ölkələrin bölgəyə müdaxilə etməsi üçün hüquqi əsas yaranır. Belə olduğu halda burada onların öz maraqlarını təmin etmək üçün platforma yaradılır. Ona görə də Brüssel görüşünün arxasında başqa niyyətlər dayanır. Ermənistan ərazisindən Cənubi Qafqaz regionunda Orta Dəhliz adlanan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu yaradılacaq. Orta Dəhlizə də kimin nəzarət etməsi isə indi gündəmdə olan məsələdir. Brüsseldə daha çox Ermənistandan keçən Zəngəzur dəhlizi məsələsinin müzakirə edilməsi istisna olunmur. Ancaq gec-tez Zəngəzur dəhlizi açılacaq və Orta Dəhliz layihəsi bu regiondan keçəcək”.
Təxribat törədilərsə, Silahlı Qüvvələrimiz adekvat cavabı verməyə, öz vəzifəsini yerinə yetirməyə hazırdır
Qarabağ müharibəsi veteranı bildirib ki, digər tərəfdən Ermənistan Azərbaycanla sərhədə qoşun yığmasının məqsədi var. Məqsəd Azərbaycan Ordusunu da həmin istiqamətdə qarşılıqlı olaraq qoşun yığmaqla müəyyən addımlar atmağa təhrik etmək və sərhəddəki vəziyyəti eskalasiya kimi qələmə verərək Avropa müşahidəçilərinin vasitəsilə bu məsələni şişirtmək. Hər halda təxribat yönlü addımlar atıla, atəşkəs tez-tez pozula bilər. Bu müəyyən qüvvələrin regionda istədiyi maraqlarını təmin etmək üçün yeganə vasitədir. Ona görə ki, ssenari bu şəkildə inkişaf edərsə və vəziyyət gərginləşərsə, beynəlxalq təşkilatlar fəallaşmağa başlaya və həmin dövlətlərin marağına xidmət edən qərəzli qərarlar qəbul oluna bilər. Həmin qərarların əsasında onlar bu regionda öz maraqlarını təmin etmək üçün plasdarm yarada bilərlər. Beləliklə, Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının sayını artıra bilərlər. Azərbaycan Ordusu isə bütün bu prosesləri izləyir və hər hansı təxribatın qarşısını almaq məqsədilə qabaqlayıcı lazımi tədbirlər görür. Əgər hər hansı təxribat törədilərsə, Silahlı Qüvvələrimiz bunun adekvat cavabını verməyə, öz vəzifəsini yerinə yetirməyə, torpaqlarını qorumağa qadirdir.
“Ona görə də düşünürəm ki, hazırda Ermənistanın həm silahlandırılması, həm də Cənubi Qafqaz regionunda gedən digər proseslər bölgə üçün yaxşı gələcək vəd etmir. Ona görə ki, qonşu ölkəyə dörd il müddətində maliyyə vəsaiti ayrılacaq. Ermənistan isə həmin vəsaitin bu ölkəyə ayrılması üçün hansısa öhdəçilik götürüb sifarişləri yerinə yetirməlidir. Düşünürəm ki, sülh müqaviləsi imzalanmadığı üçün gələcəkdə Ermənistan atəşkəsi pozmağa və təxribatlar törətməyə, hətta müəyyən şəkildə Azərbaycanı da qarşılıqlı tədbirlər görməyə təhrik etməyə çalışır. Belə ki, aprelin 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun müəyyən yaşayış məntəqələrimiz istiqamətlərindəki mövqelərinin qarşısında səngərlərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Hesab edirəm ki, Ermənistan tərəfindən sərhədi möhkəmləndirmək üçün görülən hər hansı işlər qəbuledilməzdir. Çünki şərti sərhəd o deməkdir ki, sərhəd yoxdur və hələ tam müəyyənləşdirilməyib. Ermənistan silahlı qüvvələrinin bölmələri orada mühəndis işləri apardıqda Azərbaycan Ordusu onun qarşısını almaq üçün əvvəlcə xəbərdarlıq etdi, sonra başqa tədbirlər gördü. Ona görə də düşünürəm ki, son zamanlar Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdəki bölmələrinin mövqelərinin sutka ərzində 30 dəfəyədək atəşə tutulması Brüssel görüşündən sonra proseslərin hansı istiqamətdə getməsindən xəbər verir. Buna baxmayaraq bölmələrimiz şərti sərhəddə bütün əməliyyat şəraitini nəzarət altında saxlayaraq təxribatların qarşısını almaq üçün bundan sonra da lazımi tədbirləri görəcəklər”, - deyə Şair Ramaldanov vurğulayıb.
Ehtiyatda olan polkovnik əlavə edib ki, Azərbaycanın Müdafiə Nazirliyi və dövlətimizin başçısı Xankəndidə çıxışında lazımi cavab tədbirləri görüləcəyi barədə qarşı tərəfə artıq xəbərdarlıq mesajları da verib: “Bütün prosesləri sərhəddə vəziyyətin gərginləşməyə doğru getdiyi kimi qiymətləndirmək olar. Hazırda sərhəddəki bütün təxribatları aprelin 5-dəki Brüssel görüşü ilə əlaqələndirmək olar. Avropa İttifaqı və ABŞ tərəfi Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün müəyyən şərait yaratmaq istəyirlər. Çünki onlar bu region üçün kənar aktorlardır. Regionda Azərbaycanın təşəbbüskarı olduğu 3+3 formatı mövcuddur. Qərbin isə burada məqsədi Rusiyanın, Türkiyənin müəyyən şəkildə regionda təsirini azaltmaqdır. Odur ki, bunun üçün Azərbaycan və Ermənistan arasındakı müharibə şəraitindən istifadə etmək istəyirlər.
Bundan başqa, coğrafiyaya baxsaq Ermənistan silahlı qüvvələrinin əsasən Naxçıvan, Şərqi Zəngəzur, Kəlbəcər, Laçın və digər istiqamətlərdə ordumuzun mövqelərini daha çox atəşə tutmasını görərik. Bununla düşmən tərəf öz havadarlarına göstərmək istəyir ki, Azərbaycan-Ermənistan şərti sərhədinin bütün istiqamətlərində vəziyyət gərgindir. Ona görə düşünürəm ki, Avropa İttifaqının müşahidə missiyası həmin istiqamətləri izləyərək müəyyən məlumat toplayıb Azərbaycan əleyhinə qətnamələr qəbul olunması üçün öz tabeliyindəki təşkilatlara göndərirlər. Son zamanlar Azərbaycan tərəfi Ermənistanın ölkəmizlə şərti sərhədə Şərqi Zəngəzurda qoşun yığması barədə görüntülər yaymışdı. Lakin bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycan Ordusu istənilən istiqamətdə hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdədir”.