Ermənistan mövqelərimizi atəşə tutduğunu boynuna almır
Bu barədə "Sputnik Armenia" məlumat yayıb
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Azərbaycan mövqelərinin atəşə tutulması ilə bağlı bəyanatını "dezinformasiya" adlandırıb.
"Fevralın 21-dən 22-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin guya sərhədin şimal-şərq və qərb istiqamətlərində düşmən mövqelərini atəşə tutması ilə bağlı yayılan geniş məlumat həqiqətə uyğun deyil".
Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin məlumatını 2 saatdan sonra təkzib edib.
Xatırladaq ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bu Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat idi.