Ermənistan prezidenti ilk dəfə Azərbaycanla sərhədə gəlib
Vaaqn Xaçaturyan vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkib
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuşdakı Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Prezident Gümrüdə jurnalistlərə bildirib ki,vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkib.
“İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhəd var. Yəni tikanlı məftillər var, amma biz onu təkmilləşdirəcəyik. Orada bizi sərhədçilər keşik çəkirlər. Uzaqda isə durbinlə görünən Azərbaycan sərhədçiləri dayanıb. Bölgədə maşınlar hərəkət edir, yollar açıqdır, mən sərhəddəki 3 kənddə oldum”, - Xaçaturyan bildirib.
O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bölgəyə yeni dolama yol çəkilir. Prezident həmin əraziyə baxdıqdan sonra İcevandan geri qayıdıb və orada dağılmış yolları görüb.
“Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur – onlar hakimiyyətin yanında olduğunu hiss edirlər”.
Xatırladaq ki, may ayında İrəvan və Bakı SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli xəritələri əsasında Ermənistanın Tavuş və Azərbaycanın Qazax rayonları arasında sərhədin delimitasiyasına dair protokol imzalayıblar.