XƏBƏRLƏR / Siyasət

Ermənistan Rusiyanın İttifaq Dövlətinə qoşulmayacaq

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib

Ermənistan Rusiyanın İttifaq Dövlətinə qoşulmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmayacaq.

    Bunu İkinci Dünya Erməni Sammitində çıxışı zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

    “Ermənistan Respublikasını niyə Rusiya-Ukrayna müharibəsinin qurbanına çevirməliyəm? Bunun nə mənası var? Mən bununla razı deyiləm. Düşünürəm ki, burada heç kim Rusiya ilə Ukrayna müharibə apardığına görə ölkəmizin gedib özünü oda atmalı olduğu fikri ilə razılaşmaz”, – deyə o bildirib.

    Simonyan Ermənistanın kiçik ölkə olduğunu və mövcud geosiyasi reallıqları nəzərə almağa məcbur qaldığını vurğulayıb. Bununla belə, onun sözlərinə görə, bu, ölkənin öz mövcudluq və təhlükəsizlik hüququndan imtina etməsi demək deyil.

    O, Ermənistanın Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasını istəyənlərə münasibətini də sərt ifadə edib:

    “Ermənistanın Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olmalı olduğunu düşünən insanı rüsvayçı hesab edirəm. Mən bu ideyanın düşməniyəm. Belə bir şey ola bilməz”, - deyə Simonyan bildirib.