XƏBƏRLƏR / Qonşular

Ermənistana yüklərin tranzitinə məhdudiyyətlər ləğv edilib

İlham Əliyev Astanada bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb

Ermənistana yüklərin tranzitinə məhdudiyyətlər ləğv edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib.

    Dövlət başçısının sözlərinə görə, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.

    Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib ki, Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb.

    Dövlət başçısı qeyd edib: “Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.

    O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.